400 yaşlı ağacı, min ton civəsi olan Laçın...

400-yasli-agaci-min-ton-civesi-olan-lacin
Oxunma sayı: 3533

28 illik işğaldan sonra bu gün Azərbaycana təhvil verilən Laçın rayonunun zəngin tarixi hətta onu işğaldan azad edən 28 yaşlı gənc əsgər və zabitlərə də maraqlıdır.

“Qafqazinfo” bu məqamda Laçın haqda bəzi məlumatları təqdim edir:

Laçın Dağlıq Qarabağın ətrafında yerləşən 7 rayondan biridir. Rayonun reylefi dağlar və dağlıq yaylalardan ibarətdir. Ən hündür nöqtəsi 3594 metr hündürlüyü olan Qızılboğaz dağıdır. Rayon ərazisindən Həkəri çayı və onun qolları keçir.

Laçında 10 ədəd Şərq çinarı növünə məxsus qədim ağaclar təbiət abidələri kimi qeydə alınıb. Bunlardan 8 ədədi rayonun Malxələf kəndindədir, ən yaşlı ağacın 400 yaşı var, onun diametri 210 sm, hündürlüyü 26 metrdir. Rayon ərazisində “Ardıc meşəsi”ndəki ağacların yaşı 100-150 ilə çatır.  

Rayon ərazisində 2 xüsusi mühafizə olunan təbiət ərazisi - Qaragöl Dövlət Təbiət Qoruğu və Laçın Dövlət Təbiət Yasaqlığı yerləşir.

Qaragöl Dövlət Təbiət Qoruğu Laçın rayonu ilə Gorus rayonu sərhəddində dəniz səviyyəsindən 2658 m hündürlükdə 240 hektar ərazidə yaradılıb. Gölün müasir vəziyyəti heç də qənaətbəxş deyil, aerokosmik şəkillərdən gölün tamamilə quruduğu müşahidə edilib. 

Laçın Dövlət Təbiət Yasaqlığı 1961-ci ilin noyabr ayında Laçın rayonu ərazisində 20 000 hektar ərazidə yaradılıb. Burada Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilən heyvan növlərindən dağ keçisi (Bezoar keçisi), Avropa cüyürü, Nəcib maral, Xəzər uları, Ütəlgi qızılquş, Adi qızılquş, Qonur ayı, Ağbaş kərkəs məskunlaşıb. 

Həkəriçay Laçın, Qubadlı və Zəngilan rayonlarının ərazisindən axaraq Araz çayına tökülür. Ağsuçay Laçın rayonu ərazisinə daxil olur və Həkəriçayına tökülür. 

Laçın rayonu zəngin faydalı qazıntılarla, o cümlədən (3 filiz, 37 qeyri-filiz və inşaat materialları yataqları) civə, vermikulit, əlvan və üzlük daşları, sement xammalı və tikinti daşı yataqları ilə zəngindir. 

Laçın rayonunda 73 tarix-mədəniyyət abidəsi dövlət qeydiyyatına alınıb.

Rayon ərazisində yerləşən Ağoğlan məbədi, Məlikəjdər türbəsi (XIII-XIV əsrə aid), Sarı Aşığın xatirə muzeyi, Həmzə Soltan sarayı və Dəmirovlu Pir məbədi Azərbaycan Respublikası ərazisində mövcud olan daşınmaz tarix-mədəniyyət abidələri içərisində xüsusi önəmə malikdir.

Ağoğlan monastrı Laçın rayonunun Kosalar kəndi ərazisində yerləşir. İşğal dövründə Ermənistan Ağoğlan monastırının memarlıq quruluşunda və interyerində dəyişikliklər edib, divar yazılarını korlanıb, abidənin divarları üzərində olan bir neçə daş yazıları, eləcə də xeyli sayda alban dövrünə məxsus bir çox ornament və simvolları tamamilə silib, onlardan bir çoxunun formalarını dəyişdirərək tanınmaz hala salıb.

Həmzə Soltan sarayı Laçın rayonunun Hüsülü kəndində yerləşir. XVIII əsrdə tikilməsi ehtimal edilən sarayın tikintisində şərq memarlıq ənənələrindən geniş istifadə edilib. Saray əvvəl böyük bir kompleks təşkil etsə də, dövrümüzə ondan yalnız bir saray binası qalıb. Rayonun işğalından sonra memarlıq abidəsi olan Həmzə Soltan sarayı Ermənistan tərəfindən otel kimi istifadə edilib və içərisində böyük dəyişikliklər aparılıb.

1979-cu ildə fəaliyyətə başlayan Laçın Tarix-Diyarşünaslıq Muzeyində 10 mindən çox eksponat olub. 1992-ci ildə Laçın şəhərinin işğal edilməsi nəticəsində muzey binası tamamilə dağıdılıb, eksponatları məhv və talan edilib.  Laçın Dövlət Rəsm Qalereyası da talan edilib, qalereyada saxlanılan 60-dan çox rəsm əsəri erməni vandalizminə məruz qalıb. Laçında bir sıra uşaq musiqi məktəbləri də fəaliyyət göstərib.