Bayramov suriyalı həmkarı ilə telefonla danışdı - Yenilənib

bayramov-suriyali-hemkari-ile-telefonla-danisdi
Oxunma sayı: 658

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Suriyanın keçid hökumətinin xarici işlər və xaricdə yaşayan suriyalılar naziri Əssad Həsən Əş-Şibani ilə telefon danışığı aparıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “SANA” agentliyi məlumat yayıb.

Bildirilib ki, danışıq zamanı enerji sektorunda və yenidənqurmada sabitliyə nail olmaq, eyni zamanda siyasi və iqtisadi sahələrdə əməkdaşlığı genişləndirmək səylərində Suriya hökumətinə dəstəyin vacibliyi vurğulanıb.

Tərəflər, həmçinin rəsmi qurumlar arasında kommunikasiya kanallarının aktivləşdirilməsinin və müxtəlif səviyyələrdə səfərlərin təşviq edilməsinin zəruriliyini də qeyd ediblər.

***

Azərbaycan XİN nazirlərin telefon danışığı barədə məlumat yayıb. 

Qeyd olunub ki, telefon danışığı zamanı Azərbaycan-Suriya əlaqələri, regional təhlükəsizlik vəziyyəti müzakirə olunub: “Nazirlər Suriyada Əsəd rejiminin dağılmasından sonra Azərbaycanla-Suriya arasında  geniş əməkdaşlıq perspektivlərinin mövcud olduğunu bildiriblər.

Uzun fasilədən sonra ölkəmizin Suriyada səfirliyinin işinin bərpasına göstərilən dəstəyə görə təşəkkür ifadə olunub. Suriyada sabitliyin möhkəmləndirilməsi istiqamətində səylərə toxunarkən, ölkəmizin Suriyanın bərpa prosesində iştirak niyyətinin, habelə Suriyaya göstərilən humanitar yardımın əhəmiyyəti vurğulanıb.

Bu çərçivədə, Azərbaycan-Türkiyə-Suriya əməkdaşlıq formatının inkişaf etdirilməsinin vacibliyi qeyd olunub”.