43 ildir axtarılır, xəbəri yox imiş

43-ildir-axtarilir-xeberi-yox-imis
Oxunma sayı: 1621

ABŞ-də polis 43 il əvvəl 3 yaşında itkin düşmüş Mişel Nyuton adlı qadını taparaq, onun qaçırılmasında ittiham olunan anasına qarşı cinayət işi açıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “People” nəşri məlumat yayıb.

Qəzet yazır ki, 1983-cü ildə uşağın anası Debra Nyuton həyat yoldaşı Cozef Nyutona Corciya ştatında yeni iş tapdığını deyib. Plan üzrə ailə bütöv tərkibdə köçməli olsa da, Debra uşağı götürərək birinci gedib və bir daha həyat yoldaşı ilə əlaqə saxlamayıb. Cozef Corciyaya gəldikdə isə nə arvadını, nə də qızını tapa bilib. O, polisə müraciət etsə də, ana və qızın axtarışları 40 ildən çox nəticəsiz qalıb.

Yalnız 2025-ci ilin noyabrında “Crime Stoppers” teleproqramına gələn anonim zəng hüquq-mühafizə orqanlarını Floridaya yönəldib. Polis orada Şeron Nili adı altında yaşayan Debranı və qızını tapıb. Hazırda 46 yaşı olan Mişel uşaqlıqdan axtarışda olduğundan tamamilə xəbərsiz imiş.

Debra Nyuton həbs edilib və 25 min dollar (təxminən 42 min manat) girov müqabilində məhkəməyə qədər azadlığa buraxılıb.