Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir

prezidente-tebrikler-gelmekde-davam-edir
Oxunma sayı: 445

Malayziya Kralı Sultan İbrahim Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

“Qafqazinfo” xəbər verir ki, məktubda deyilir:

“Zati-aliləri.

Əlamətdar bayram – ölkənizin müstəqilliyinin 108-ci ildönümü münasibətilə Zati-alinizə və hörmətli Azərbaycan xalqına səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Bu il Malayziya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 33-cü ildönümünü qeyd edirik. İkitərəfli münasibətlərimizin inkişafından məmnunam və əminəm ki, bu əməkdaşlıq ruhu hər zaman xalqlarımızın rifahı üçün faydalı olacaqdır. Malayziya ikitərəfli əlaqələrimizi daha da möhkəmləndirməyə və inkişaf etdirməyə sadiq qaldığını bir daha təsdiqləyir.

Zati-aliləri, Sizə möhkəm cansağlığı və rifah, Azərbaycan vətəndaşlarına sülh və firavanlıq arzularımı qəbul etməyinizi xahiş edirəm”.

***

İtaliya Prezidenti Sercio Mattarella:

“Zati-aliləri cənab Prezident.

Ölkənizin milli bayramı münasibətilə Sizə və bütün Azərbaycan xalqına İtaliya xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram.

Dostluğun və səmərəli əməkdaşlığın çoxsaylı nümunələri, o cümlədən son zamanlardakı əlaqələrimiz Bakı ilə Roma arasında strateji tərəfdaşlığa olduqca konkret və müstəsna dəyər qazandırır. Bu tərəfdaşlıq son illərdə davamlı şəkildə inkişaf edib və başda enerji sahəsi olmaqla, qarşılıqlı maraq doğuran bir çox istiqamətləri əhatə edib.

Beynəlxalq vəziyyətin mürəkkəb çağırışlarının konstruktiv şəkildə həlli üçün dövlətlər arasında dialoqun və dinc əməkdaşlığın əhəmiyyətinə qətiyyətlə inanan və bunun vacib olduğunu hesab edən İtaliya Azərbaycan, Avropa İttifaqı və region ölkələri arasında sabitliyin, mehriban qonşuluq münasibətlərinin və qarşılıqlı etimadın təşviqinə yönəlmiş bütün təşəbbüsləri dəstəkləməyə davam edir.

Cənab Prezident, ölkənizə son səfərimi və əvvəlki görüşlərimizi böyük məmnuniyyətlə xatırlayaraq, Sizə, ailənizə, dost Azərbaycan xalqına rifah və firavanlıq arzularımı bir daha çatdırıram”.