Etirazlara görə özünün və nazirlərin maaşını 50 faiz azaldır - Fotolar

etirazlara-gore-ozunun-ve-nazirlerin-maasini-50-faiz-azaldir
Oxunma sayı: 1286

Boliviya Prezidenti Rodriqo Pas hökumət əleyhinə etirazları yumşaltmaq məqsədilə öz maaşını və nazirlərin əməkhaqlarını 50 faiz azaltmağa qərar verdiyini açıqlayıb.

“Qafqazinfo” AFP-yə istinadən xəbər verir ki, mərkəz-sağçı siyasi lider olan Rodriqo Pas prezident vəzifəsində cəmi altı ay fəaliyyət göstərməsinə baxmayaraq, ölkədə davam edən genişmiqyaslı etirazlarla üz-üzədir.

Etirazlar əsasən La Pas şəhərində cəmləşib. Nümayişçilərin yolları bağlaması nəticəsində ərzaq, yanacaq və dərman çatışmazlığının yarandığı bildirilir.

Aksiyalar may ayının əvvəlində hökumətin son onilliklərin ən ağır böhran idarəetməsinə qarşı narazılıq fonunda başlayıb. Sonradan isə etirazlar prezidentin istefası tələbləri ilə davam edib.

Məlumata görə, prezidentin aylıq maaşı hazırda təxminən 24 min boliviano, yəni 3500 ABŞ dolları təşkil edir.

Bu qərarın etirazçıları sakitləşdirib-sakitləşdirməyəcəyi hələlik məlum deyil. Qeyd olunur ki, hökumətin əvvəlki addımları, o cümlədən, əmək nazirinin vəzifədən uzaqlaşdırılması və həmkarlar ittifaqları ilə bağlı vədlər də etirazları dayandırmağa kifayət etməyib.