Ağdama köç etməyə hazırlaşan keçmiş məcburi köçkün Yaşar Kərimovun ailəsində sevindirici hadisə baş verib. Ailənin üçəm övladı dünyaya gəlib. Lakin körpələr hamiləliyin 7-ci ayında, vaxtından əvvəl doğulduqları üçün onların xüsusi tibbi nəzarətə, müalicəyə və mütəmadi dərman preparatlarına ehtiyacı yaranıb.
Bu barədə “Qafqazinfo”ya körpələrin atası Yaşar Kərimov özü müraciət edib.
Atanın sözlərinə görə, hazırda körpələrin sağlamlığı üçün zəruri olan dərman vasitələri və digər tibbi ləvazimatların alınması ciddi maliyyə yükü yaradıb: “İki uşağım var, ayın 5-də də üçəm övladlarımız dünyaya gəlib. Lakin yarımçıq doğulublar və mövcud maddi imkanımız bu xərcləri qarşılamağa kifayət etmir. Hazırda işsizəm. Bir reseptə görə 300 manatdan çox vəsait xərcləyirəm. Onu da borc-xərclə edə bilirəm.
Bundan başqa, Sabunçu Rayon 2 saylı Doğum Evində küvəz çatışmazlığına görə, körpələrdən ikisi bu xəstəxanadadır, birini isə Sumqayıt Hospitala göndəriblər. Xəstəxanada uşaqlara diqqət və qayğı qaydasındadır, xəstəxana xərcləri İcbri Tibbi Sığorta tərəfindən qarşılanır. Amma istəyərdim ki, körpələrin üçü də bir xəstəxanada olsun. Çünki hər gün həm Sumqayıta, həm də qan çatışmazlığına görə Qan Bankına gedirəm. Körpələrə yazılan dərmanları almağa çalışıram, amma gücüm çatmır”.
Böyük Qayıdış proqramı çərçivəsində Ağdama mərhələli şəkildə davam edən köç prosesi ilə ora köçməyə hazırlaşan ailə ümid edir ki, xeyirxah insanların dəstəyi sayəsində vaxtından əvvəl dünyaya gələn üçəm körpələrin müalicəsi və zəruri dərman təminatı ilə bağlı çətinlikləri aradan qaldırmaq mümkün olacaq.
Nuranə Daxilqızı


Son xəbərlər
Son Xəbərlər