7 yaşlı Fəridin öldüyü zaldan görüntülər yayıldı - Məşqçi qəddarlıq edib

7-yasli-feridin-olduyu-zaldan-goruntuler-yayildi
Oxunma sayı: 21985

Xəbər verdiyimiz kimi, aprelin 29-da Sumqayıtda azyaşlı oğlan idman məktəbində aldığı xəsarət səbəbindən vəfat edib. 2016-cı il təvəllüdlü Fərid Bakarov Avropa oyunlarının bürünc mükafatçısı, tanınmış idmançı Mehman Xəlilovun keçirdiyi sambo məşqləri zamanı ağır xəsarət alıb. Belə ki, M.Xəlilov azyaşlıya qarşı təhlükəli fənd işlədib və 7 yaşlı Fəridin başı bədəninin altında qalması səbəbindən boyunu qırılıb.

“Qafqazinfo”nun məlumatına görə, hadisənin təsadüf nəticəsində baş verdiyi deyilsə də, Mehman Xəlilovun uşağın ölümünə səbəb olan məşqindən yayılan görüntülər tamam başqa bir fikir formalaşdırır.

Bu görüntülər çox ağırdır və həssas oxucularımızın da olduğunu nəzərə alaraq onu təqdim etməyi məqsədəmüvafiq hesab etmirik.

Həmçinin oxuyun: В Баку 12-летняя школьница совершила суицид

Görüntülərdən açıq-aşkar aydın olur ki, Mehman Xəlilov təkcə Fərid Bakarova qarşı yox, məşqdə iştirak edən digər azyaşlı uşaqlara da  xüsusi qəddarlıqla davranıb. Onları saçından, başından, qulağından tutaraq ayağa, havaya qaldırır. Bundan başqa, özünə məşqçi deyən şəxs azyaşlıların sağlamlığına xəsarət yetirə biləcəyini düşünmədən onlara təpiklə zərbə vurmaqdan da çəkinmir.

Videodan gəlinən nəticə budur ki, azyaşlı Fərid elə bu kobud davranışın nəticəsində həyatını itirib. Məşqçisi uşağın qulağından tutaraq təxminən yarım metr havaya qaldırıb, daha sonra onun boyununa fənd işlədib və Fərid bundan sonra yerə yıxılıb. Uşağın narahatlığının fərqində olmayan məqşçi isə onu yerdə təpikləyib. Bundan sonra azyaşlı uşaq Sumqayıt Şəhər Uşaq Xəstəxanasına çatdırılsa da, orada vəfat edib.

Qeyd edək ki, sağlamlığı ön plana çıxaran idman prinsiplərinə əsasən, məşq prosesində azyaşlı uşaqlara qarşı daha həssas davranılmalıdır, onların üzərində mürəkkəb fəndlərin göstərilməsi yolverilməzdir. Həmçinin, məşqlərə yeni başlayan uşaqlara ilk növbədə təhlükəsiz yıxılmalar öyrədilir və yalnız bir neçə aydan sonra müvafiq sadə fəndlərin öyrədilməsinə başlanılır. Uşaqların sağlamlığına xəsarət yetirə biləcək fəndlərin tətbiqi isə qadağandır!

Qeyd edək ki, Mehman Xəlilov hadisədən sonra saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.