Prokurorluğa qəbulla bağlı müsabiqənin yazılı mərhələsi keçirildi - Fotolar

prokurorluga-qebulla-bagli-musabiqenin-yazili-merhelesi-kecirildi
Oxunma sayı: 255

Təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ardıcıl surətdə həyata keçirilən dövlət gənclər siyasəti gənclərin cəmiyyətdə layiqli mövqe tutmasını və dövlət idarəetmə sistemində fəal təmsil olunmasını təmin edir.

“Qafqazinfo” xəbər verir ki, sözügedən dövlət siyasətinin prokurorluq orqanlarında müvəffəqiyyətlə icrası, habelə gənc hüquqşünasların müsabiqə əsasında qulluğa qəbulu mexanizminin tətbiqi nəticəsində prokurorluğun kadr potensialı yüksəkixtisaslı peşəkar mütəxəssislər hesabına tamamilə yenidən formalaşdırılıb.

2002-ci ildən başlayaraq müsabiqə yolu ilə qulluğa qəbul edilmiş ali hüquq təhsilli mütəxəssislər hazırda prokurorluğun kadr korpusunun 97 faizini təşkil etməklə, onların böyük əksəriyyəti yuxarı təsnifat vəzifələrə irəli çəkilmiş və hazırda bir hissəsi rəhbər vəzifələrdə çalışır.

Noyabrın 23-ü prokurorluq orqanlarında qulluğa qəbul olunmaq arzusunda olan şəxslər üçün vakant ştat vahidləri üzrə elan edilmiş növbəti - 28-ci müsabiqənin yazılı imtahan mərhələsi keçirilib.

Baş Prokurorluğun Müsabiqə Komissiyası tərəfindən imtahanın tam aşkarlıq şəraitində, şəffaf və obyektiv prosedurlar əsasında keçirilməsi üçün bütün zəruri tədbirlərin görülməsi təmin edilib. İmtahanı müvafiq qurumların, o cümlədən qeyri-hökumət təşkilatlarının nümayəndələri müşahidə edib.

Hazırkı müsabiqənin yazılı imtahan mərhələsində iştirak etmiş 133 namizəd (o cümlədən 47 qadın) Bakı Dövlət Universitetinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Naxçıvan Dövlət Universitetinin, Milli Aviasiya Akademiyasının və xarici ali təhsil müəssisələrinin məzunlarıdır.

Azərbaycan Baş Prokurorluğunun “İşin Təşkili Qaydaları”na müvafiq olaraq yazılı imtahan işləri “ikiqat yoxlama” üsulu ilə Baş Prokurorluğun Müsabiqə Komissiyası və dəvət olunmuş mütəxəssis tərəfindən yoxlanıldıqdan sonra yekun nəticələr media vasitəsi ilə ictimailəşdiriləcək, eyni zamanda bu barədə Baş Prokurorluğun rəsmi internet səhifəsində (www.genprosecutor.gov.az) və sosial şəbəkə hesablarında məlumat yerləşdiriləcək.

Əlavə suallarla bağlı 361-00-80, 437-28-56, 361-00-77, 361-00-78, 361-00-79 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.