Qubernator 1 milyard rublu mənimsəməkdə ittiham olunur - Yenilənib

qubernator-1-milyard-rublu-menimsemekde-ittiham-olunur
Oxunma sayı: 1409

Rusiyanın Murmansk vilayətinin qubernatoru Andrey Çibis saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS hüquq-mühafizə orqanlarındakı mənbəsinə istinadən məlumat yayıb.

Bildirilib ki, qubernator mənimsəmədə şübhəli bilinir və hazırda onunla bağlı istintaq hərəkətləri aparılır. Mümkün mənimsəmənin hansı sahədə baş verdiyi və dövlətə dəymiş ziyanın məbləği barədə hələlik məlumat verilməyib.

Qeyd edək ki, 2024-cü il aprelin 4-də Murmansk vilayətinin Apatiti şəhərində Andrey Çibisə bıçaqlı hücum edilmişdi. Yerli sakinlərlə görüşdən çıxan qubernator qarın nahiyəsindən yaralanmış və xəstəxanaya yerləşdirilmişdi. Hücumu törədən Aleksandr Bıdanov 13 il müddətinə azadlıqdan məhrum edilmişdi. Daha sonra onun Ukraynadakı müharibəyə yollandığı, 2026-cı ilin əvvəlində isə həlak olduğu məlum olmuşdu.

***

Rusiya Daxili İşlər Nazirliyi (DİN) Murmansk vilayətinin qubernatoru Andrey Çibisin saxlanılmasının səbəblərini açıqlayıb.

Bu barədə nazirliyin rəsmi nümayəndəsi İrina Volk teleqram kanalında məlumat yayıb.

Onun sözlərinə görə, DİN-in İstintaq Departamenti bir qrup şəxs barəsində cinayət işi araşdırır:

“İstintaq çərçivəsində Murmansk vilayətinin Tikinti Nazirliyinin büdcəsindən 39 milyon rubldan (təxminən 811 min AZN) çox vəsaitin oğurlanması, həmçinin Apatiti–Kirovsk avtomobil yolunun yenidən qurulması üçün Nəqliyyat Nazirliyinə ayrılmış 1 milyard rubldan (təxminən 21 milyon AZN) artıq vəsaitin mənimsənilməsi faktları araşdırılır. Bundan başqa, qanunsuz valyuta əməliyyatlarının həyata keçirilməsi ilə bağlı şübhələr də mövcuddur. Andrey Çibis noyabrın 23-də sözügedən cinayətləri törətməkdə şübhəli bilinərək saxlanılıb”.

Faktla bağlı xüsusilə külli miqdarda dələduzluq, mənimsəmə və ya israfetmə, eləcə də saxta sənədlərdən istifadə etməklə xarici hesablara qanunsuz pul köçürmələri maddələri üzrə cinayət işi aparılır.

Xatırladaq ki, bu gün Andrey Çibisin hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığı barədə məlumat yayılmışdı.