İspaniyanın Sevilya Hava Limanında ən azı 2018-ci ildən bəri tərk edilmiş vəziyyətdə olan iki mühərrikli “Piper PA-23 Apache” təyyarəsi cəmi 10 avro başlanğıc qiyməti ilə hərraca çıxarılıb.
“Qafqazinfo” xəbər verir ki, İspaniya Hava Limanları və Hava Naviqasiya İdarəsinin (AENA) təşkil etdiyi hərracla bağlı elan İspaniyanın Rəsmi Qəzetində (BOE) dərc olunub.
Təyyarə üçün ilkin qiymət 10 avro, iştirak üçün tələb olunan depozit isə cəmi 0,50 avro müəyyənləşdirilib.
Məlumata görə, təyyarənin qanuni sahibini müəyyənləşdirmək və onunla əlaqə saxlamaq üçün müxtəlif cəhdlər edilib. Bununla yanaşı, potensial sahibin ortaya çıxması üçün məsələ BOE-də üç dəfə elan olunub.
Lakin bütün bu cəhdlər nəticəsiz qalıb və heç kim təyyarəyə sahib olduğunu təsdiqləməyib. Nəticədə “Piper PA-23 Apache” rəsmi olaraq tərk edilmiş əmlak kimi qiymətləndirilib və hərraca çıxarılıb.
Hərracın şərtlərinə cavab verən şəxslər, şirkətlər və qurumlar satışda iştirak edə bilərlər. AENA nümayəndələri elanın yayımlanmasından sonra təyyarəyə marağın gözləniləndən yüksək olduğunu, çoxsaylı müraciət və elektron məktublar aldıqlarını bildiriblər.
İlkin qiymətin cəmi 10 avro olması təyyarənin son dərəcə ucuz olduğu təəssüratı yaratsa da, onun əsas problemi texniki vəziyyətidir.
1950-ci illərdə ABŞ-nin “Piper Aircraft” şirkəti tərəfindən istehsal edilən “PA-23 Apache” dövrünün məşhur iki mühərrikli təyyarələrindən biri olub. Lakin Sevilya Hava Limanında illərlə baxımsız vəziyyətdə qalması səbəbindən hazırda uçuş üçün yararsız vəziyyətdədir.
AENA təyyarənin yenidən uçuşa qaytarılmasının mümkün olmadığını və onun, əsasən, metal qırıntısı və ya kolleksiya əşyası kimi dəyər daşıdığını vurğulayıb.
“Piper PA-23 Apache” modelinin işlək vəziyyətdə olan nümunələri isə tamamilə başqa qiymətə satılır. Təyyarənin texniki vəziyyətindən və avadanlıqlarından asılı olaraq oxşar modellərin bazar qiyməti təxminən 35 min dollardan 225 min dollara qədər dəyişə bilir.
Texniki xidmətə ehtiyacı olan köhnə nümunələrin qiyməti 35-60 min dollar, uçuşa hazır standart modellərin qiyməti 60-130 min dollar, müasir kokpit və təkmilləşdirilmiş mühərriklərlə təchiz olunan modellərin qiyməti isə 150-225 min dollar aralığında ola bilər.
Lakin Sevilya Hava Limanındakı təyyarənin uzun müddət baxımsız qalması onun bazar dəyərini kəskin aşağı salıb.

Son xəbərlər
Son Xəbərlər