ABŞ-də “Maduro işi” üzrə ilk dinləmə başa çatdı

abs-de-maduro-isi-uzre-ilk-dinleme-basa-catdi
Oxunma sayı: 940

Venesuela Prezidenti Nikolas Maduronun narkoterrorizm ittihamları ilə Nyu-Yorkda keçirilən ilk məhkəmə iclası başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Məlumata görə, yanvarın 5-də Manhetten Federal Məhkəməsində keçirilən dinləmə zamanı Maduro və həyat yoldaşı Siliya Flores özlərini təqsirli bilməyiblər. Məhkəmənin qərarına əsasən, növbəti iclas martın 17-si, yerli vaxtla saat 11:00-a təyin edilib.

Agentlik yazır ki, iclasda diqqətçəkən məqamlardan biri müdafiə tərəfinin səhhətlə bağlı müraciəti olub. Maduronun vəkili Barri Pollak müvəkkilinin sağlamlıq durumunun diqqət tələb etdiyini, Siliya Floresin isə yanvarın 3-də Karakasdakı “Fort Tiuna” hərbi bazasında keçirilən əməliyyat zamanı qabırğalarının sındığını bildirib. Vəkil hazırda müvəkkillərinin girov müqabilində azadlığa buraxılması barədə vəsatət qaldırmaq niyyətində olmadıqlarını qeyd edib.

Məhkəmə zalında Nikolas Maduro tərcümə üçün qulaqlıqlardan istifadə edib və proses zamanı mütəmadi olaraq qeydlər aparıb. Daha sonra isə Maduro iclasın sonunda federal marşalların müşayiəti ilə zalı tərk edib.