Vaşinqton BMT büdcəsinə 725 milyon dollar məbləğində ödəniş etməyə hazırlaşır ki, bu da ABŞ-nin təşkilat qarşısındakı borcunu azaldacaq.
“Qafqazinfo” “Reuters” agentliyinə istinadən xəbər verir ki, Donald Tramp administrasiyası BMT büdcəsinə 725 milyon dolların köçürülməsi prosesinə başlayıb.
Sözügedən məbləğ BMT-nin may ayında bəyan etdiyi 4 milyard dollarlıq ümumi borcun 20 faizindən azını təşkil edir. Lakin Vaşinqton borcun həcmi ilə razılaşmır və real rəqəmin xeyli aşağı olduğunu iddia edir.
Nəşr yazır ki, ödənişlərin gecikdirilməsi BMT tərəfindən sanksiyalara, o cümlədən ABŞ-nin səsvermə hüququnun məhdudlaşdırılmasına gətirib çıxara bilər. Təşkilatın üzləşdiyi cari likvidlik böhranı ən böyük donor olan ABŞ-nin həm müntəzəm büdcəyə məcburi ayırmaları gecikdirməsi, həm də agentliklərin könüllü maliyyələşdirilməsini ixtisar etməsi ilə bağlıdır.
Məlumat üçün bildirək ki, 2026-cı maliyyə ilinin 10 ayı ərzində Birləşmiş Ştatlar hökuməti dövlət borcuna xidmət göstərilməsi (faiz ödənişləri) üçün 963 milyard dollar xərcləyib. Bu göstərici ötən ilin eyni dövrü (846 milyard dollar) ilə müqayisədə ciddi artım göstərib.
Qeyd edək ki, bundan əvvəl BMT ABŞ və Çinin təşkilata olan üzvlük haqqı borcları barədə rəsmi məlumat yaymışdı.
Son xəbərlər
Son Xəbərlər