“ABŞ ilə razılığa gəldik”

abs-ile-raziliga-geldik
Oxunma sayı: 405

Çin Sədri Si Cinpin ABŞ-yə səfəri çərçivəsində Ağ Evdə Prezident Donald Trampla görüşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, Cinpin iki ölkənin iqtisadi və ticarət nümayəndə heyətlərinin yeni birgə ticarət razılaşması barədə razılığa gəldiyini açıqlayıb.

Si Cinpin bildirib ki, bu razılaşma hər iki ölkənin xalqı və sənayesi, eləcə də, qlobal iqtisadiyyat üçün yaxşı xəbərdir. Onun sözlərinə görə, ABŞ-Çin iqtisadi və ticarət əlaqələrinin sabitliyi əməkdaşlıq məsələlərinin genişləndirilməsindən və fikir ayrılıqlarının azaldılmasından asılıdır.

İki ölkənin nümayəndə heyətlərinin noyabrın 10-da müddəti başa çatmalı olan müvəqqəti razılaşmanı 2027-ci ilin yanvarına qədər uzatmaq barədə də razılığa gəldiyi bildirilib.

Si Cinpin ABŞ və Çinin süni intellekt sahəsində rəqabətlə yanaşı, əməkdaşlıq edə biləcəyini deyib.

“Bir-birlərinə qarşı müdafiə olunmaq əvəzinə, hər iki tərəf qarşılıqlı güclü tərəflərini vurğulaya bilər. Süni intellektlə bağlı dialoqu davam etdirə, onun riskləri və faydaları barədə fikir mübadiləsi apara və onun sui-istifadəsinin qarşısını birgə ala bilərik”, - deyə o bildirib.

İki ölkənin süni intellektin riskləri və potensial təhdidləri ilə bağlı məlumat mübadiləsini əhatə edən “Süni intellekt dialoqu”na başlaması gözlənilir.

Si Cinpin Tayvanın Çinin ərazisi olduğunu bildirən Pekinin mövqeyini təkrarlayıb və ABŞ-ni “Tayvanın müstəqilliyi” məsələsində düzgün mövqe tutmağa çağırıb.

İki lider həmçinin İran, Ukrayna və Koreya yarımadasındakı vəziyyəti müzakirə ediblər. Si Cinpin ABŞ və İranın dialoq və danışıqlar yolu ilə, o cümlədən nüvə məsələsində razılaşmaya qayıdacağına ümid etdiyini bildirib.

“Çin bütün ölkələrin suverenliyinə və təhlükəsizliyinə hörmətin tərəfdarıdır. Biz həmişə gərginliyin azaldılmasında konstruktiv rol oynayırıq”, - deyə Si Cinpin qeyd edib.

Yaxın Şərqdəki müharibənin qlobal enerji ticarətinə təsiri və Vaşinqtonun Rusiya və İrana qarşı sanksiyalarının Çinlə iqtisadi münasibətlərə mümkün təsirləri də görüşün müzakirə mövzuları arasında olub.