ABŞ İrana yeni sanksiyalar tətbiq etdi

abs-irana-yeni-sanksiyalar-tetbiq-etdi
Oxunma sayı: 275

ABŞ Maliyyə Nazirliyi İranın silah və hərbi komponentlər əldə etməsinə kömək edən, aralarında Çin, Honkonq və Pakistanda yerləşən şirkət və şəxslərin də olduğu 10 subyektə qarşı sanksiya tətbiq edib.

“Qafqazinfo” “Reuters”ə istinadla xəbər verir ki, bu sanksiyalar Tramp administrasiyasının fevral ayında başlayan ABŞ-İran müharibəsinə son qoymaq və Tehrana iqtisadi təzyiqi artıraraq onu danışıqlara məcbur etmək strategiyasının tərkib hissəsidir.

“Maliyyə Nazirliyi İran rejiminə heç bir dəstəyi bağışlamayacaq və onun imkanlarını təmin edən tərəfdaşları aşkar etməyə, ifşa etməyə və təcrid etməyə davam edəcək”, – deyə ABŞ-nin maliyyə naziri Skott Bessent məsələ ilə bağlı bildirib.

Məlumata görə, yeni sanksiyalar siyahısına aşağıdakı şəxs və qurumlar daxil edilib:

Seyid Əsgər Əlizadə Təbatəbai – İran Müdafiə Nazirliyinin Pekindəki nümayəndəsi (İran adından Çində hazır silah sistemləri və ikili təyinatlı komponentlərin satınalınmasını əlaqələndirib);

“Kavoshcom Asia R&D Group” – İranda yerləşən tədqiqat və inkişaf qrupu (İran Aviasiya Sənayesi Şirkəti üçün elektronika və bağlayıcılar təmin edib);

“EC Mojo Technology Co Limited” (Honkonq) və onun Çindəki nümayəndəsi Li Fen (elektron komponentlərin tədarükündə vasitəçilik edib);

Vasim Paşa Tacammal (Pakistan) – “Cavalier Group” özəl hərbi şirkətinin rəhbəri.

Məsələyə münasibət bildirən “Obsidian Risk Advisors” şirkətinin idarəedici direktoru Brett Erikson isə bu sanksiyaların İranın Hörmüz boğazında raket və dron buraxılışlarına ciddi mane ola bilməyəcəyini qeyd edib:

“Bu, Tramp administrasiyası üçün sadəcə xarici görüntüdür ki, “biz onları əzirik” desinlər. Reallıqda isə biz onları sadəcə diş çöpü ilə dürtürük”.