ABŞ-nin Massaçusets ştatının Nantaket adası yaxınlığında göyərtəsində 6 nəfərin olduğu tibbi təyinatlı təyyarənin qalıqları aşkarlanıb. Təyyarədə olan şəxslərin taleyini müəyyənləşdirmək üçün axtarışlar davam etdirilir.
“Qafqazinfo” xəbər verir ki, ABŞ Federal Aviasiya Administrasiyasının məlumatına görə, Bermud adalarından Boston şəhərinə uçan “Gulfstream G-100” tipli təyyarə şənbə günü yerli vaxtla saat 01:00-dan dərhal sonra radarlardan itib.
ABŞ Sahil Mühafizəsi Nantaket sahillərində təyyarəyə aid olduğu təsdiqlənən qalıqların aşkarlandığını bildirib. Axtarışlara gəmilər, helikopterlər və təyyarələr cəlb olunub.
Rəsmilər təyyarədə iki pilot, iki tibb işçisi, bir xəstə və onun qohumunun olduğunu açıqlayıb. Onlardan dördünün Kanada, ikisinin isə Bermud adaları vətəndaşı olduğu bildirilib.
“FlightAware” məlumatlarına görə, təyyarə Bermud adalarındakı “L.F. Wade” beynəlxalq hava limanından havaya qalxıb və Bostonun “Logan” beynəlxalq hava limanına uçmalı olub.
Təyyarə əlaqə kəsilməzdən əvvəl təxminən 7300 metrdən 3300 metrə qədər kəskin eniş edib.
“Latitude Air Ambulances” şirkətinin uçuş əməliyyatları üzrə direktoru Klarens Togerets bildirib ki, ekipaj xəstə və onun qohumunu götürmək üçün Bermud adalarına uçub.
“Boston Globe”un “LiveATC.net” məlumatlarına istinadən yaydığı xəbərə görə, uçuş zamanı dispetçerlə pilot arasında radio əlaqəsində problemlər yaranıb. Pilot daha sonra fövqəladə vəziyyət elan edib.
Hadisədən əvvəl dispetçer elektrik sistemi ilə bağlı problemi olan təyyarəni qarşılamaq üçün təcili yardım qruplarının hazırlanmasını istəyib. Daha sonra təyyarənin radio və radar əlaqəsinin itirildiyi bildirilib.
Sahil Mühafizəsi axtarış-xilasetmə əməliyyatının davam etdiyini açıqlayıb.



Son xəbərlər
Son Xəbərlər