“Ad günündə dedi ki, mənə uzun ömür arzulama...” - Yenilənib

ad-gununde-dedi-ki-mene-uzun-omur-arzulama
Oxunma sayı: 329

“Mən hələ də baş verənləri dərk edə bilmirəm”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Xalq Artisti Xalidə Quliyeva Xalq artisti Elmira Şabanova ilə vida mərasimində deyib.

O, mərhum sənətkarla son telefon danışığını xatırlayıb: “Ayın 1-də ad günü idi. Zəng edib təbrik etdim. Qızı Leyla ilə danışırdım. Özü də telefonu götürüb mənimlə söhbət etdi. Mənə dedi ki, səni və ailəni çox istəyirəm, amma səndən bircə xahişim var - mənə uzun ömür arzulama”.

X.Quliyeva deyib ki, o, E.Şabanovanın tələbəsi olub: “Məni çox istəyirdi. Mən də onu çox istəyirəm. Allah ona rəhmət eləsin”.

***

Xalq artisti Hacı İsmayılov isə bildirib ki, Elmira Şabanovanı ilk dəfə “Səhər” filmində görüb:

“O, çox istedadlı və bacarıqlı aktrisa idi. O, təkcə mədəniyyətimizdən, kino sənətimizdən getmədi, həm də bizim üçün böyük bir boşluq qoydu”.

“Gənc yaşlarında çox dəyərli sənətkarlarımız onu teatrımıza dəvət etmişdilər. Lakin müəyyən səbəblərə görə o, bu dəvəti qəbul edə bilməmişdi. Bu, bizim üçün ağır itkidir.

Elmira xanımın adını çəkəndə ilk növbədə onun siması gözümün önünə gəlir. Baxırsan ki, çöhrəsində nə qədər sevinc, nə qədər təbəssüm var. Bütün bunları özü ilə apardı”.

***

Mədəniyyət nazirinin müavini Murad Hüseynovun sözlərinə görə isə, Elmira Şabanova fiziki olaraq aramızda olmasa da, sənəti və xatirəsi hər zaman yaşayacaq:

“Onun Azərbaycan mədəniyyətinə və kino sənətinə verdiyi töhfələr daim ehtiramla xatırlanacaq. Yaratdığı obrazlar, sənətə bağlılığı və zəngin yaradıcılıq irsi gələcək nəsillər üçün də yaşayacaq. Mərhum sənətkarın ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!”

Lamiyə Məmmədova