Şəkidə Dövlət Proqramının icrası ilə bağlı növbəti monitorinq keçirildi - Fotolar

sekide-dovlet-proqraminin-icrasi-ile-bagli-novbeti-monitorinq-kecirildi
Oxunma sayı: 122

Şəkidə Prezident İlham Əliyevin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan işlərin gedişatı ilə tanışlıq olub.

“Qafqazinfo” xəbər verir ki, noyabrın 24-25-də Prezident Administrasiyasının, Kənd Təsərrüfatı Nazirliyinin və Şəki Şəhər İcra Hakimiyyətinin məsul şəxsləri rayon ərazisində bağçılıq və emal sahəsi üzrə fəaliyyət göstərən “Aqroinkişaf 2017” və “Green Factory” MMC-lərinin həyata keçirdiyi işlərlə tanış olub, “ASEL AQROPARK” MMC-nin qoz emalı müəssisəsinə baxış keçiriblər.

Monitorinqin keçirilməsində əsas məqsəd Dövlət Proqramının icrasının təmin edilməsi, rayonun aqrar potensialının artırılması, intensiv kənd təsərrüfatı texnologiyalarının tətbiqi və istehsal göstəricilərinin yerində qiymətləndirilməsidir.

Baxış zamanı rayonda kənd təsərrüfatının inkişafı, məşğulluğun təmin edilməsi, istehsalın və emalın həcminin artırılması istiqamətində sahibkarlara lazımi tövsiyələr, aidiyyəti məsul şəxslərə isə müvafiq tapşırıqlar verilib.

Sonra Şəki Şəhər İcra Hakimiyyətinin inzibati binasında Prezident Administrasiyasının, Kənd Təsərrüfatı Nazirliyinin məsul şəxslərinin, Dövlət Proqramının icrası istiqamətində yaradılmış Qərargah üzvlərinin, o cümlədən kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə məşğul olan təsərrüfatların və müəssisələrin nümayəndələrinin iştirakı ilə görüş keçirilib. Görüşdə Proqram çərçivəsində həyata keçirilmiş tədbirlər, üzləşilən çətinliklər, qarşıda duran vəzifələr və görüləcək işlər müzakirə olunub.

Həyata keçirilən tədbirlər rayonun mövcud aqrar potensialından daha səmərəli istifadə olunmasına, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı imkanlarının genişləndirilməsinə, yeni iş yerlərinin yaradılmasına, ümumilikdə sosial-iqtisadi inkişafına mühüm töhfə verəcək.