“AmCham Azərbaycan”ın yeni prezidenti və İdarə Heyəti seçildi - Fotolar

amcham-azerbaycanin-yeni-prezidenti-ve-idare-heyeti-secildi
Oxunma sayı: 1330

“AmCham Azərbaycan”ın bu gün keçirilən İllik Ümumi Yığıncağı çərçivəsində Palatanın üzvləri tərəfindən 2026–2028-ci fəaliyyət dövrü üzrə yeni prezident və İdarə Heyəti seçilib. 

“Qafqazinfo” xəbər verir ki, yeni seçilən İdarə Heyətində Azərbaycanda fəaliyyət göstərən aparıcı yerli və beynəlxalq şirkətlərin yüksək səviyyəli rəhbərləri təmsil olunur.

Heyətdə “Cisco”, “McDonald's”, “Philip Morris International” (PMI), “Deloitte” kimi aparıcı ABŞ şirkətlərinin nümayəndələrinin təmsil olunması Amerika bizneslərinin Azərbaycandakı fəal iştirakını və ölkənin investisiya mühitinə olan davamlı marağını bir daha nümayiş etdirir. 

Yeni İdarə Heyətinin tərkibi aşağıdakı üzvlərdən ibarətdir:

• Nuran Kərimov – “Deloitte” şirkətinin İdarəedici Partnyoru

• Oskar Boqopolski – “McDonald's” Azərbaycan şirkətinin Baş Direktoru

• Niyazi Əmirbəyov – “AgroDairy” şirkətinin Baş İcraçı Direktoru

• Günay Cəlilova – “Yelo Bank”ın İdarə Heyəti sədrinin müavini

• Ramil Eyyubov – “Cisco” şirkətinin Qafqaz və Mərkəzi Asiya regionu üzrə direktoru

• İmran Əhmədzadə – “NEQSOL Holding” Azərbaycan üzrə rəhbəri və NEQSOL Holding Global şirkətinin Baş Maliyyə Direktoru

• Elyar Əliyev – bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) regionunda hüquq məsələləri üzrə vitse-prezidenti

• Şəraf Əsgərova – PMI şirkətinin Korporativ Əlaqələr üzrə Meneceri 

• İlham Əzizov – “iTech Group” MMC-nin təsisçisi və direktoru

• Orxan Mikayıl – “Aqualink” MMC-nin Baş İcraçı Direktoru

“AmCham” Azərbaycanın prezidenti olaraq yeni İdarə Heyətinin üzvləri arasından “Deloitte” şirkətinin İdarəedici Partnyoru Nuran Kərimov seçilib. 

Yeni idarə heyəti növbəti iki il ərzində “AmCham” Azərbaycanın ölkədə əlverişli biznes və investisiya mühitinin təşviqi, dövlət-özəl sektor dialoqunun gücləndirilməsi, biznes ictimaiyyətinin maraqlarının müdafiəsi, eləcə də Azərbaycan və ABŞ arasında ticarət, investisiya və iqtisadi əməkdaşlığın inkişafına töhfə vermək istiqamətində fəaliyyətini davam etdirəcək.

“AmCham” Azərbaycan təşkilata rəhbərlik etdiyi dövrdə göstərdiyi liderlik, xidmət və dəyərli töhfələrə görə sabiq prezident Dəyanət Sədullayevə, eləcə də onun sədrliyi ilə fəaliyyət göstərmiş İdarə Heyətinin üzvlərinə dərin təşəkkürünü bildirir, yeni seçilmiş rəhbərliyə isə qarşıdakı fəaliyyətində uğurlar arzulayır.

“AmCham Azərbaycan” haqqında

Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham Azərbaycan”) ölkənin aparıcı biznes assosiasiyası olaraq iqtisadiyyatın bütün sektorlarını təmsil edən 280-dən çox üzv şirkət və təşkilatı bir araya gətirir. Palata biznes mühitinin təkmilləşdirilməsi istiqamətində təşəbbüslər, konstruktiv dialoq və strateji əməkdaşlıq vasitəsilə biznes ictimaiyyəti, dövlət qurumları və beynəlxalq tərəfdaşlar arasında etibarlı platforma rolunu oynayaraq Azərbaycanın biznes mühitinin daha da inkişafına töhfə verir.