Mərkəzi Klinikanın Mamalıq-ginekologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Əməkdar həkim Mahirə İsmayılova sonsuzluq problemləri, Azərbaycanda ekstrakorporal mayalanma və onun ətrafında yaranan miflər, prenatal və implantasiyaönü skrininqlər, süni mayalanma ilə genetik xəstəliklərin müəyyən olunması və digər məsələlərlə bağlı “Qafqazinfo”nun suallarını cavablandırıb.
Bu mövzu ilə bağlı Mahirə İsmayılovanı seçməyimiz təsadüfi deyil. O, Azərbaycanda süni mayalanmanı ilk tətbiq edən milli həkimlər qrupunda təmsil olunub. Bundan başqa, İraqın Ərbil şəhərində ilk süni mayalanma mərkəzinin yaradılmasına rəhbərlik edib. Mahirə İsmayılova Avropa İnsan Reproduksiyası və Embriologiyası Cəmiyyətinin - European Society of Human Reproduction and Embryology (ESHRE) üzvüdür və reproduktiv tibb sahəsində beynəlxalq elmi yenilikləri yaxından izləyir. O, 100-ə yaxın xarici və yerli elmi jurnallarda məqalələrlə çıxış edib. Həm azərbaycanlı həkimlərin yetişdirilməsində, həm də regionda reproduktiv tibbin standartlarının yüksəldilməsində Mahirə İsmayılovanın əhəmiyyətli rolu var.
Müsahibəni təqdim edirik:
- Mahirə xanım, niyə mamalıq-ginekologiya sahəsini seçdiniz?
- Əvvəlcə həkim olmaq istəmirdim. Atam da həkim idi, ona görə bu sahəni seçdim. Daha sonra cərrah olmaq istəyirdim, ailəm məsləhət gördü ki, mama-ginekoloq olum. Amma yanılmamışam, yenidən tibb oxusaydım, yenidən həyata gəlsəydim, yəqin ki, mütləq mamalıq-ginekologiyanı seçərdim. Düşünürəm ki, bu sahə tək tibb, cərrahiyyə, müalicə deyil. Burada insanlara ümid vermək, onların ümidlərini doğrultmaq var. Dünyaya bizim sayəmizdə uşaqlar gəlir, bu, tamam başqa hisslərdir.
Burada bir insanın sağlamlığına görə yox, çox vaxt iki insanın sağlamlığına görə məsuliyyət daşıyırsan. Ailələrin qorunub saxlanmasında və nəticə etibarilə dövlətin, ölkənin, xalqın genofondunun qurulmasında iştirak edirsən. Düşünürəm ki, mama-ginekologiya tək bir ixtisas deyil, bir missiyadır. İnsanlar bir missiyanı həyata keçirtmək üçün bu sahəni seçirlər.
- İş fəaliyyətinizin hansı mərhələsində anladınız ki, Azərbaycanda ekstrakorporal mayalanmanın tətbiqi mütləqdir? Nə vaxt buna zərurət yarandığını hiss etdiniz?
- Sahəmiz elədir ki, çox vaxt biz ginekoloqlar doğumdan başlayırıq, qeysəriyyə kəsiyi icra edirik, amma işimizin bir tərəfi də ginekoloji xəstələrdir. Onların içində sonsuzluqla bağlı çox sayda müraciətlər olur. Bəzən elə hallar olurdu ki, görürdün, sən kömək edə bilmirsən, çünki o zaman nəinki süni mayalanma, hətta uşaqlıqdaxili inseminasiya belə mümkün deyildi.
Onda çox gənc idik və məlumatımız var idi ki, dünyada süni mayalanma üsulu mövcuddur. Azərbaycanlı ailələr bunun üçün xaricə getmək məcburiyyətində idilər. Artıq 80-ci illərdən Rusiyada, 90-cı illərdən Türkiyədə, İranda süni mayalanma mərkəzləri olsa da, Azərbaycanda yox idi. Bizdə bu problemlə üzləşən ailələrin isə hamısının həm müalicə, həm miqrasiya, həm də məsrəf baxımından xaricə getməyə imkanı yox idi və o ailələr uşaqsız qalırdı. Buna görə də həmin dövrdə, 2000-ci illərin əvvəlində düşünürdük ki, necə edək Azərbaycanda da bu üsulu tətbiq edək?
Mən 2001-ci ildə Ankarada Zəkai Tahir Burak adına Qadın Sağlamlığı, Təhsil və Araşdırma Mərkəzində təlim keçdim. İlk dəfə orada gördüm ki, onlar nə qədər ümidsiz insana, ailəyə kömək edirlər. Düşündük ki, niyə bizim ailələrə burada - Bakıda kömək etməyək?! Əvvəlcə türkiyəli mütəxəssislərlə bərabər bu üsulu burada tətbiq etməyə başladıq. Daha sonra özümüz sərbəst icra etdik.
.jpeg)
- Bəs bizdə ekstrakorporal mayalanmanın tətbiqi prosesində çətinliklər oldumu? Hansı tərəfdən daha çətin idi - elmi, yoxsa administrativ, təşkilati tərəfdən?
- Azərbaycanda ilk dəfə ekstrakorporal mayalanma 2004-cü ildə tətbiq edilməyə başlayıb. Öncə Ailə Planlama Mərkəzində, iki aydan sonra Mərkəzi Klinikada - bizim bu Mərkəzdə icra olunmağa başladı.
Düşünürəm ki, ən çətini insanlara bu üsulu izah eləmək, təhlükəsiz, effektli bir üsul olmasına inandırmaq idi. İndiyədək də bəzi miflər var, insanlar düşünür ki, süni mayalanmada başqa adamların hüceyrələrindən istifadə olunur. Miflərdən biri odur ki, doğulan uşaqlar fərqlənir. Amma 45 ildir ki, dünyada bu prosedur icra edilir, artıq on minlərlə, yüz minlərlə belə uşaq var. Təbii ki, onların öz valideynlərinə məxsus olub-olmadıqları yoxlanılıb. Bu uşaqların sağlam olduğu da sübut olunub. Amma o dövrdə bu fikirləri çatdırmaq, aşılamaq çətin idi. Biz xəstəxanaları gəzirdik, orada kolleqalarımızla görüşürdük, bu üsul haqqında məlumatlar verirdik. Həmçinin pasiyentlərlə görüşürdük, KİV-də çıxışlar edirdik. Beləliklə, biz insanların bu müalicə üsulunu qəbul etmələrinə nail olduq.
- Sizcə, bu gün sonsuzluq tibbi problemdir, yoxsa sosial?
- Düşünürəm ki, bu, kompleks problemdir. İllərlə statistika belə idi ki, cütlüklərin 15-20 faizi bu problemlə üzləşir. Amma illər keçir, yeni texnologiyalar inkişaf edir, yeni protokollar, yeni dərmanlar, yeni cihazlar yaranır, hətta artıq bu prosedurun icrasında süni intellektlə proqramlar yazılır. Amma yenə də sonsuzluğun sayı azalmır.
Bilirsiniz nə ilə bağlıdır? Əvvəl ovarial rezerv qadınlarda daha yaxşı idi, indi bir çoxunda daha pisdir. Kişi faktoru artıq qadın faktorunu üstələyib. Əvvəl ailədə sonsuzluq problemi qadına bağlı idisə, indi daha çox kişilərə bağlıdır. Kişilərdə daha ciddi, mürəkkəb problemlər ortaya çıxır ki, ekstrakorporal mayalanma ilə də onu müalicə etməkdə bir qədər çətinlik çəkirik. Endokrin xəstəliklərin, piylənmələrin, şəkər xəstələrinin sayı daha çoxdur. Və bütün bunlar təbii ki, reproduktiv funksiyaya mənfi təsir göstərir.
Digər tərəf isə sosial tərəfdir, insanlarda stres artıb. Həmçinin boşanmaların sayının artması, gec nikahlar da burada rol oynayır. Boşanan insanlar təkrar evlənəndə artıq müəyyən yaşdan keçmiş olurlar. Yəni bunlar artıq sosial tərəfdən də problem yaradır. Bütün bunlar ekstrakorporal mayalanmanın bir daha cəmiyyətimiz üçün lazım olduğunu təsdiqləyir.
- Bəllidir ki, süni mayalanmada hamiləlik şansı yüz faiz deyil, bütün dünyada belədir. Sizcə, müvəffəqiyyət qazanmaq üçün vacib olan nədir: düzgün texnologiyaların tətbiqi, yoxsa düzgün pasiyentlərin seçimi?
- Ekstrakorporal mayalanmada hamiləlik şansı təqribən 40, 45, 50 faiz olur. Bu, çox faktorlardan, o cümlədən, laboratoriyaların qurulması və yeni texnologiyaların tətbiqindən asılıdır. Amma pasiyent seçimi də çox önəmlidir. Çünki müəyyən yaşa qədər qadının reproduktiv funksiyası daha yaxşı olur. Əgər qadın 35 yaşa qədər ekstrakorporal mayalanmaya müraciət edirsə, hamilə qalmaq şansı daha yüksəkdir, nəinki 35 və yaxud da 37 yaşdan sonra. 40 yaşdan sonra isə göstərici daha da aşağı düşür.
Buna görə də, əgər ailə qurulur, 1-2 il ərzində hamiləlik baş vermirsə, müayinə olunduqda ekstrakorporal mayalanmaya göstəriş varsa, təbii ki, onlar vaxtında bu üsula müraciət eləməlidir. Belə halda uğur daha çox olacaq.
.jpeg)
- Sizin mərkəzdə süni mayalanma ilə dünyaya gələn ilk uşaq yadınızdadırmı, onu necə xatırlayırsınız?
- Ekstrakorporal mayalanma bizim mərkəzdə 2004-cü ildə icra edilməyə başlamışdı və ilk uşaqlarımız 2005-ci ildə doğulublar. O ildən götürsək, bizdə artıq 10 mindən çox uşaq doğulub. Bu uşaqların əksəriyyəti, onların ailələri bizi unutmurlar. Onlar artıq böyüyüblər, çoxu tələbədir. Bizi görəndə çox isti, xoş münasibətlə yaxınlaşırlar. Bizi unutmurlar və biz də onları unutmuruq. Həmin ailələrlə çox sıx əlaqələrimiz var.
- Bayaq söhbətinizdə qeyd etdiniz ki, süni mayalanma vasitəsilə bir çox xəstəlikləri araşdırmaq və onlarla mübarizə aparmaq olar. Azərbaycan üçün bu genetik xəstəliklərdən ən aktualı talassemiyadır. Ölkəmiz bu qan xəstəliyi üzrə endemik zona hesab olunur. Ümumiyyətlə, bizdə talassemiyanı tamamilə aradan qaldırmaq mümkündürmü, elə etmək olarmı artıq bu xəstəliklə dünyaya uşaqlar gəlməsin?
- Ekstrakorporal mayalanmanın əsas istiqaməti sonsuzluğu aradan qaldırmaqdırsa, digər və çox vacib istiqaməti genetik xəstəliklərlə mübarizədir. Buna preimplantasion genetik diaqnostika deyilir. Süni mayalanma nəticəsində əmələ gələn embrionları genetik laboratoriyada müayinə edə bilirik. Yəni biz qadın orqanizminə, uşaqlığın içinə yerləşdirmədən öncədən embrionun hansısa genetik xəstəliyin daşıyıcısı olub-olmamasını, cinsiyyətini, cinsiyyətə bağlı xəstəliklərini, xromosom mutasiyalarını, monogen xəstəliklərini öyrənə bilirik.
Bilirsiniz ki, Azərbaycanda qohum nikahları çox yayılmışdı və bu ailələr risk qrupuna daxildir, çünki orada xəstə uşaqlar doğula bilər. Bu baxımdan, o ailələr üçün genetik xəstəliklərin vaxtında diaqnozunu qoymaq çox vacibdir. Burada ekstrakorporal mayalanma bizə çox kömək edir. Talassemiya da bunlardan biridir. Genetik xəstəlikdir, əsasən Aran zonasında yerləşən rayonlarımızda çox yayılıb. Bir çox ölkələr artıq bununla mübarizəni bitiriblər, biz isə təəssüflər olsun ki, hələ buna nail olmamışıq.

Prenatal diaqnostikanı da öz mərkəzimizdə həyata keçiririk. Hamiləlik dövründə amniosintez vasitəsilə, yəni dölyanı mayedən örnək götürərək ana bətnində olan uşağın xəstə olub-olmadığını bilirik. Ekstrakorporal mayalanmada isə ümumiyyətlə, hamilə olmadan, yəni hamiləlikdən öncə bunu bilmək və sağlam embrionu seçib qadına transfer etmək olar.
Bundan əlavə, talassemiya problemi ilə üzləşən ailələrin başqa bir dərdi də var. Onların bəzilərində artıq xəstə uşaq var. Onun müalicəsi yalnız sümük iliyinin transplantasiyasıdır. Xəstə uşağa sümük iliyi transplantasiyası üçün ən yaxşı donor ana-ata deyil, bacı və ya qardaşdır. Buna görə də biz bu ailələrə ekstrakorporal mayalanma icra edirik. Embrionları yoxlayırıq, hansı sağlamdırsa, evdə xəstə olan uşağa donor kimi çıxış edə bilərsə, onu seçib qadına transfer edirik. Və beləliklə, biz həmin o uşaqları bu xəstəlikdən xilas edə bilirik. Yəni ekstrakorporal mayalanmanın imkanları çox genişdir.
- Sizcə, hansı daha önəmlidir, prenatal skrininq, yoxsa implantasiyaönü skrininq?
- Daha yaxşı olar ki, süni mayalanma sırasında preimplantasion genetik skrininq (implantasiyaönü skrininq) olunsun. Çünki prenatal skrininqdə artıq qadın hamilədir. Biz 15-16-cı həftədə amniosentez edirik. Amma artıq bu, böyümüş bir döldür. Genetik laboratoriyaya göndərdiyimiz amniotik mayenin cavabı da üç həftədən tez gəlmir. Artıq hamiləlik böyüyür, gəlib 20 həftəyə çatır. Cavab gələndə ki, uşaq xəstədir, hamiləlik pozulmalıdır. Böyük hamiləliyi pozmaq isə həm etik tərəfdən, həm dini, həm də tibbi baxımdan qadın üçün çox təhlükəlidir, çünki böyük abortlar çox ciddi fəsadlara, hətta qadının sağlamlığını və həyatını itirməsinə gətirib çıxara bilər. Buna görə də təbii ki, biz daha çox preimplantasion genetik diaqnostikaya yönəlməliyik. Yəni qadın hamilə olmadan artıq biz embrionun sağlam olub-olmadığını bilib, sağlamını yerləşdirməliyik. Təbii ki, cəmiyyət üçün, ölkə üçün, ailə üçün önəmli ekstrakorporal mayalanma sırasında preimplantasion genetik diaqnostikadır.
- Sizcə, cəmiyyətimiz məcburi genetik konsultasiyaya hazırdırmı?
- Məcburi deməyim, amma biz maarifləndirməliyik. Yəni heç bir halda, heç bir insanı, heç bir şeyə məcbur etmək olmaz. Məncə, biz daha çox maarifləndirməliyik ki, insanlar bunu anlayaraq skrininqlərdən keçsinlər. Digər tərəfdən isə təbii ki, genetik skrininqlər bəzən çox məsrəfli, bahalı olur. Yəqin dövlətin dəstəyi olmalıdır ki, bu, insanlar üçün əlçatan olsun.
.jpeg)
- Bayaq dediyiniz üsullarla talassemiyanın aradan qaldırılması tibbi məsələdir, yoxsa milli strategiya?
- Ümumiyyətlə, talassemiya Azərbaycan üçün bir strategiya məsələsidir. Statistikaya baxsaq, görərik ki, hər il 325-400 xəstə uşaq doğulur. 2024-cü ildə bu say 300 idisə, sonrakı illərdə daha da artıb. Bu, normal deyil, baxmayaraq ki, bizdə nikahdan öncə skrininqdə talassemiya yoxlanılır. Amma o yoxlanma çox yetərli deyil. Çünki onun mutasiya səviyyəsində, yəni daha dərin bir genetik müayinəsi aparılmalıdır. Demək istəyirəm ki, dövlətin bununla bağlı bir proqramı olmalıdır və insanlar daha dərin genetik mutasiyalara doğru yoxlanılmalıdır. Yalnız belə halda bu sahədə vəziyyəti dəyişmək olar.
- Həmişə lider olmaq üçün çalışmısınız, öz sahənizdə yenilikləri tətbiq edirsiniz. Birinci olmaq nə deməkdir?
- Birinci olmaq çox çətindir. Çünki birinci olmaq bir cəsarət tələb edir. Şablonlar yoxdur, çünki sən qərarı şablonsuz qəbul etməlisən. Bir də bu, çox böyük bir məsuliyyətdir. Bəzən sən nəticəni bilmədən qərar qəbul eləməlisən. Təbii ki, yeni başlayanda bu sahədə bəzi təzyiqlərə məruz qalmışıq, anlaşılmazlıqlar olub. Birinci olmaq o deməkdir ki, cəsarətli olmalısan, əsas məqsədini bilməlisən və o məqsədə doğru da irəliləməlisən. Vacib budur. O zaman qələbə çalacaqsan.
- Siz bu illər ərzində həm də bir çox gənc həkimləri hazırlamısınız. Hər il yanınızda mamalıq-ginekologiya üzrə rezidentlər təhsil alırlar. Bundan əlavə, Seçenov adına Moskva Tibb Universitetinin Azərbaycan filialında da tələbələrə dərs deyirsiniz. Ümumiyyətlə, səhiyyə sistemində dəyişikliklər, yeniliklər olmasını istəyən gənc həkimlərə nə demək istəyərdiniz?
- Birinci, onlara tövsiyə edərdim ki, çox bilik toplasınlar. Bilik həmişə mütəxəssisin ən böyük gücüdür. Cərrahın da ən böyük gücü onun əlləridir, yəni bacarığıdır. Əgər onlar cərrah olacaqlarsa, praktiki tərəfdən özlərini inkişaf etdirməlidirlər. Nəzəri tərəfdən də çox ciddi biliyə sahib olmalıdırlar və bunun üzərində işləməlidirlər. Bilik və təcrübə birləşəndə yaxşı bir mütəxəssis ortaya gəlir. Gənclərə həmişə tövsiyəm odur ki, onlar bir yerdə, bir pillədə dayanmasınlar. Daim irəliləməli, o yükü, baqajı artırmalıdırlar. Bir də təbii ki, ölkəyə yeniliklər gətirilməlidir. Zamanında, biz də gənc olanda ekstrakorporal mayalanma, endoskopik cərrahiyyə, prenatal diaqnostikanı Azərbaycana gətirməyə çalışmışıq. İstəyərdim ki, onlar da performans göstərsinlər.

- Bir çox əməliyyatlar icra etmisiniz, xeyli ailədə süni mayalanma və sonsuzluğun müalicəsini aparmısınız. Bəzi pasiyentlər həkimin yaddaşında daimi qalır. Sizin ən çox xatırladığınız ailə hekayəsi hansıdır?
- Belə ailələr çox olur. Bir ailə var idi, xanım yanıma gəldi və dedi ki, 20 ilə yaxındır evlidirlər, amma uşaqları yoxdur. Başqa yerlərdə də süni mayalanma etmişdilər, tutmamışdı. “Bu mənim sonuncu şansımdır. Artıq qayınanam yoldaşıma bir başqa xanım tapıb, onun üçün də ayrıca ev tikilir”, - deyirdi. Həmin xanıma ekstrakorporal mayalanma icra etdik. Xoşbəxtlikdən ilk dəfədən hamilə qaldı, hamiləliyi də yaxşı keçdi. Birinci qızı doğuldu. Sonra gəldi, dedi ki, “O qədər sizə təşəkkür edirəm, sizin sayənizdə mən nəinki uşaq qazandım, hələ ikinci bir ev də əldə etdim”. Çünki digər xanım üçün tikilən ev də ona qalmışdı. Sonra biz ona bir də süni mayalanma elədik, cinsiyyət seçimi elədi, ikinci dəfə də oğlu dünyaya gəldi. Onlar tez-tez mənim ziyarətimə gəlirlər və bu, yaddaşımda çox xoş bir xatirə kimi qalıb.
Bir ailə də var idi. Qadın uzun müalicələrdən keçmişdi. Bir dəfə biz də burada süni mayalanma elədik, bizdə də hamiləlik tutmadı. Dedik ki, müalicəmizi davam edək, bir də cəhd eləyərik. Həmin xanım mənə sənədlərin arasında bir məktub gətirmişdi. Kağız uzun illər yataq xəstəsi olan, 70 yaşlı anası tərəfindən yazılmışdı və o, qızının övlad sahibi olmasına kömək etməyimiz üçün yalvarışlar edirdi. Mən o məktubu götürdüm, qızına da dedim ki, sənin bu məktubunu sənədlərinin içində saxlayacağam, ta ki sən hamilə qalana qədər... Biz müalicələrimizi elədik, hamilə qaldı, dünyaya uşaq da gəldi, amma məktubu hələ də saxlayıram.
- Necə hesab edirsiniz, süni mayalanma dövlət tərəfindən maliyyələşdirilməlidirmi?
- Düşünürəm ki, bəli. Çünki bir çox ölkələrdə də süni mayalanma dövlət tərəfindən qarşılanır. Məsələn Rusiyada qarşılanır, Türkiyədə qismən qarşılanır, İsraildə hətta üç cəhd qarşılanır, ABŞ-də bəzi ştatlarda qarşılanır. Ekstrakorporal mayalanma həm dərman baxımından, həm prosedur baxımından bahalıdır. Çünki bunun üçün xüsusi embrioloji laboratoriya, avadanlıqlar lazımdır. Bu sahədə dərmanlar bahadır və bu ilk cəhddən alınmaya bilər. Xəstə dəfələrlə bu üsula müraciət edə bilər. Təbii ki, əgər dövlət üçün onun demoqrafik artımı maraqlıdırsa, bir strategiya kimi dövlət tərəfindən qarşılanmalıdır. Azərbaycanda da reproduktiv sağlamlıq haqqında qanun hələ də Milli Məclisdə müzakirədədir və orada icbari tibbi sığortanın Xidmətlər Zərfinə salınması məsələsi var. Düşünürəm ki, dövlət tərəfindən qarşılanarsa, bizim bir çox ailələrimiz daha asanlıqla bu üsula müraciət edə bilərlər.
.jpeg)
- Sizcə, Azərbaycan, ümumiyyətlə, region üçün ana ölümlərinin əsas səbəbləri hansılardır?
- Ana ölümü çox ağır bir mövzudur və mən həmişə deyirəm ki, heç bir aktiv cərrah, mama-ginekoloq bu problemlə üzləşməkdən sığortalanmayıb. Elə səbəblər var ki, artıq həkimdən asılı deyil. Ola bilsin ki, ani emboliya olsun və qadın həyatını itirsin. Ana ölümünün səbəblərindən biri qan itkisi, yəni qanaxmadan qadının həyatını itirməsidir. Bunun qarşısını almaq olar. Elə səbəb isə var ki, artıq o, həkimdən və heç kimdən asılı deyil, orada yardım da etsən, çox vaxt qadını xilas etmək olmur. Amma qadının qanaxmadan ölməsi qəbulolunmazdır. Məndə olan məlumata görə, bu gün Azərbaycanda da bir sıra qadın ölümlərinin, ana ölümlərinin səbəbi məhz qanaxmalardır. Düşünürəm ki, bunların əsas səbəbi onlara vaxtında yardımın göstərilməməsidir.
- Ana və uşaq ölümləri kimi fəsadların aradan qaldırılmasında əsas vacib məsələ hansıdır: klinikaların müasir təchizatı, yoxsa kadr hazırlığı?
- Təchizat lazımdır, vacibdir, amma hər şey demək deyil. Əsas sistemdir. Düzgün qurulmuş sistem, düzgün diaqnostikaya malik olan kadr və marşrutizasiya, yəni vaxtında xəstənin lazımi səviyyəyə, lazımi mərkəzə çatdırılması vacibdir. Azərbaycanda, o cümlədən, bir çox ölkələrdə qadınlara doğumayardım müəssisələri üç səviyyəyə bölünür. Birinci səviyyə bəsit səviyyədir, orada normal, heç bir fəsadı olmayan doğumlar icra edilir, fizioloji, neonatoloji xidmət göstərilir. Əgər lazım olarsa, təcili qeysəriyyə əməliyyatı üçün şərait olmalıdır.
İkinci səviyyə orta dərəcəlidir. 32 həftədən sonra olan erkən doğumlar, o cümlədən, xəstədə birinci dərəcəli preeklampsiya, yanaşı gedən bəzi somatik xəstəliklər varsa, doğumlar burada icra olunur.
Üçüncü səviyyə perinatal mərkəzlərdir, burada anaya lazım olan reanimasion tədbirlərin aparılması üçün şərait, yeni doğulmuşların reanimasiyası, 32 həftədən erkən doğumlar nəzərdə tutulub.
Bunlar düzgün təşkil olunarsa, təbii ki, ana ölümlərinin qarşısını almaq olar. Əgər təchizat olsa belə bunu icra edə bilməyən, diaqnozu qoya bilməyən bir kadr varsa, yenə də qanaxmadan ana ölümü baş verə bilər. Yəni sistem düzgün qurulmalıdır.
- Bir qadın ana olmağa hazırlaşarkən nəyi bilməlidir, nəyə diqqət yetirməlidir ki, hamiləlikdə ciddi fəsadlarla üz-üzə gəlməsin?
- Ümumiyyətlə, əgər xanım hamiləlik planlaşdırırsa, ginekoloqa müraciət eləməlidir, müayinələrdən keçməlidir. Hamiləlik dövründə müəyyən problemlər var ki, qadın onunla üzləşə bilər. Hormonal fon, insulin rezistentliyi nəzərdən keçirilməlidir. Mütləq cinsi yolla keçən infeksiyalara diqqət yetirilməlidir. Uşaqlıq boynunun vəziyyəti müayinə olunmalıdır. Ultrasəs müayinəsi keçirilməlidir, törəmələr varmı, yumurtalıqlarda kistlər varmı - bunlara diqqət edilməlidir. Həmçinin hamiləlik dövründə də xəstədə somatik xəstəliklər, ürək, qaraciyər, böyrəklə bağlı problemləri varsa, qadın mütləq onlara diqqət etməlidir. Bir sözlə, hamilə olmadan öncə hər bir qadın çek-ap müayinədən keçməlidir, öz orqanizmini tanımalıdır, öz həkimi ilə danışmalıdır.
İndikilərin bir çoxunun həkimi “Chat GPT”dir. “Chat GPT” əslində həkimlərə kömək edir. Məsələn, əvvəl xəstəyə qan azlığına görə dərman yazırdın, amma onu içmirdi. Deyirdi, çox dərman içmir, mədəsi ağrıyır. İzah eləyirdin ki, anemiya sizdə nəyə gətirib çıxara bilər, siz axı doğuşda da qan itirəcəksiniz, qan azlığından qanaxma da ola bilər, döl ana bətnində yaxşı qidalanmaya bilər. Amma indi onlar anemiyanın fəsadlarını “Chat GPT”də axtarırlar. O qədər qorxurlar ki, deyirlər, “həkim, dərmanın birini də yazın, bu anemiyadan qurtulum...” Ona görə düşünürəm ki, haradasa “Chat GPT” bizə daha çox kömək edir.
Gülnar Əliyeva
Foto-Video: Xəyal Vəlizadə

