Prezidentə təbriklər gəlir - Yenilənib

prezidente-tebrikler-gelir
Oxunma sayı: 1147

Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

“Qafqazinfo” xəbər verir ki, məktubda deyilir: 

Hörmətli cənab Prezident.

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

Müsəlman dünyasında ilk demokratik respublikanın yaradılması günü kimi qeyd edilən bu əlamətdar bayram Azərbaycan xalqı üçün azadlıq, suverenlik və tərəqqi rəmzidir.

Slovakiya Respublikası Azərbaycan Respublikası ilə yaxşı səviyyədə olan ənənəvi dostluq münasibətlərini yüksək qiymətləndirir. Ötən ilin dekabr ayında Zati-alinizin Slovakiyaya ilk rəsmi səfəri ilə ölkələrimiz arasında əlaqələr əhəmiyyətli dərəcədə möhkəmlənmişdir.

Mən Sizin gözəl ölkənizə tezliklə baş tutacaq rəsmi səfərimi səbirsizliklə gözləyirəm. Əminəm ki, ən yüksək səviyyədə qarşılıqlı səfər mübadiləsi əlaqələrimizi daha da dərinləşdirəcək, enerji, nəqliyyat, investisiyalar və mədəniyyət sahələrində əməkdaşlıq üçün yeni imkanlar açacaq.

Cənab Prezident, Sizə möhkəm cansağlığı, şəxsi rifah və ali dövləti vəzifənizdə yeni müvəffəqiyyətlər arzularımı qəbul etməyinizi xahiş edirəm.

Eyni zamanda, Sizə, eləcə də bütün Azərbaycan xalqına davamlı uğurlar, əmin-amanlıq və firavanlıq arzulayıram.

Zati-alinizə ən yüksək ehtiramımı bildirirəm”.

***

Peru Prezidenti Xose Mariya Balkasar Selada:

“Zati-aliləri cənab Prezident.

Peru Hökuməti və xalqı adından, habelə şəxsən öz adımdan 28 May - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Fürsətdən istifadə edərək Azərbaycan Respublikasının firavanlığı və tərəqqisi naminə ən səmimi arzularımı bildirir, Peru ilə Azərbaycan arasında üç onillik ərzində formalaşmış siyasi dialoqu daha da dərinləşdirmək əzmini bir daha təsdiqləyirəm. Əminəm ki, birgə səylərimiz ölkələrimizin davamlı inkişafına xidmət edərək, qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığın genişləndirilməsinə töhfə verəcək.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə təbriklərimi bir daha çatdıraraq, fürsətdən istifadə edib Zati-alinizə dərin hörmət və ehtiramımı ifadə etməkdən məmnunluğumu bildirirəm”.