Türkiyənin Antalya şəhərinin Kəpəz rayonunda qəfil meydana gələn qasırğa tikinti sahəsində faciəyə səbəb olub. Güclü külək və tufan nəticəsində 4 işçi həyatını itirib.
“Qafqazinfo”nun TRT-yə istinadən xəbərinə görə, Antalya valisi Hulusi Şahin Fevzi Çakmak məhəlləsindəki tikinti meydançasında qeydə alınan faciə ilə bağlı danışarkən bildirib ki, bu, nadir təbiət hadisəsidir.
“Gözlənilməz bir təbiət hadisəsi ilə qarşı-qarşıyayıq. Şəhərin digər hissələrində heç bir fırtına qeydə alınmadığı halda, yalnız bu ərazidə lokal qasırğa yaranıb. Qasırğa tikinti sahəsindəki 2 konteyneri tamamilə parçalayıb, 4 işçimiz həyatını itirib. Bir qədər aralıdakı konteynerlərə isə heç bir zərər dəyməyib. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm, hazırda onların şəxsiyyəti dəqiqləşdirilir”, - o qeyd edib.
Vali əlavə edib ki, eyni ərazidə qasırğanın təsirindən tikinti kranı da aşıb. Lakin kranın aşması nəticəsində hər hansı tələfat və ya xəsarət alan olmayıb.
Hadisə yerində başqa işçilərin qalma ehtimalı nəzərə alınaraq xilasedici qruplar tərəfindən axtarış-xilasetmə tədbirləri davam etdirilir.
Son xəbərlər
Son Xəbərlər