“Arenol Group”a heç bir borc qalmayıb” - Bakı Abadlıq Xidməti

arenol-groupa-hec-bir-borc-qalmayib
Oxunma sayı: 1196

Bir müddət əvvəl sosial media platformalarında Türkiyənin “Arenol Group” şirkətinin nümayəndələri tərəfindən Laçın və Kəlbəcərdə 44 layihənin icra edildiyi, lakin bunun müqabilində onlara ödənilməli olan maliyyə vəsaitinin guya ödənilmədiyi haqda video yayılmışdı.

Məsələ ilə bağlı araşdırma zamanı aydın olub ki, Laçın şəhərində aparılan tikinti və restavrasiya layihələrinin, həmçinin mühəndis-kommunikasiya və işıqlandırılma işlərinin icrasına müxtəlif şirkətlər cəlb olunub.

Bu şirkətlər əsas podratçıların layihələri çərçivəsində fəaliyyət göstərmiş subpodratçılardır. Həmin subpodratçı şirkətlərdən biri də adıçəkilən “Arenol Group” olub.

“Arenol Group” şirkəti fəaliyyət göstərdiyi dövrdə “Bakı Abadlıq Xidməti” MMC ilə müvafiq müqavilə əsasında Laçın şəhərində bir sıra obyektlər üzrə tikinti işlərini həyata keçirib. Müqavilə müddəti ərzində subpodratçı tərəfindən 10 müxtəlif müəssisədə işlərə başlanılıb.

Aparılmış monitorinqlər və icra sənədlərinin təhlili göstərir ki, həmin obyektlərin heç biri tam şəkildə icra olunmayıb. 2023-cü il dekabrın 23-ü aparılmış yoxlama nəticəsində bu fakt rəsmi şəkildə təsdiqlənib.

Əsas podratçı olan “Bakı Abadlıq Xidməti” MMC-dən “Qafqazinfo”ya bildirilib ki, göstərilən xidmətlər üzrə “Arenol Group” şirkətinə vəsait tam şəkildə ödənilib. Bununla belə, tikinti prosesinin müəyyən mərhələlərində “Arenol Group” tərəfindən işlərin icrasında qeyri-müəyyən səbəblərdən ləngimələr yaranıb. Məhz bu səbəbdən, yarımçıq qalmış tikinti işlərinin davam etdirilməsi və tamamlanması üçün əsas podratçı digər subpodratçı şirkətləri cəlb etməyə məcbur olub. Həmin işlərin bir hissəsi artıq tam başa çatdırılıb və hazırda obyektlər Laçın şəhərində fəaliyyət göstərir.

Bundan əlavə, “Arenol Group” Kəlbəcər şəhərində yerləşən kampının quraşdırılması prosesini həyata keçirib və görülən işə görə də vəsait adıçəkilən şirkətə ödənilib. Yeri gəlmişkən, kamp Laçın şəhərindən sökülərək gətirildiyindən, yalnız montaj işləri həyata keçirilib.  

Açıqlamada həmçinin qeyd olunub ki, hazırda “Bakı Abadlıq Xidməti” MMC tərəfindən adı çəkilən şirkətə ödənilməli olan qalıq borc mövcud deyil.