“Atam elə-belə adam olmayıb, Pişəvərinin sol əli idi” - Həmid Herisçi

atam-ele-bele-adam-olmayib-piseverinin-sol-eli-idi
Oxunma sayı: 7377

“Qafqazinfo”nun “Əşyaların taleyi” adlı layihəsinin budəfəki qonağı yazıçı Həmid Herisçidir.

Həmid müəllimlə xüsusi tarixçəsi, dəyəri, tarixi əhəmiyyəti olan əşyalar haqqında danışdıq:

– Əşyaların sizin üçün əzizlik dərəcəsi, mahiyyəti onların hansı xüsusiyyətləri ilə bağlıdır?

– Məsələn, sən təsəvvür elə ki, 1968-ci ildə atam qardaşıma, mənə məktub yazıb və bayramımızı təbrik edib. Bax nə qədər gözəl yadigardır, atam ölüb gedib, amma biz hələ də onu əziz bir xatirə kimi saxlayırıq.

Əvvəla deyim ki, mən əşyalardan yox, əmanətlərdən, təbrizlilər demiş “amanat”lardan danışacağam. Biz təbrizlilər əmanət saxlamağı sevirik. Çünki bizdə dəyərlərə sadiqlik var. Hər əmanətin öz tarixçəsi olur. Məndə elə əmanətlər var ki, göstərməyə qorxuram. Qoy, onlar qeybdə qalsınlar. Əmanətlər imtahandan çıxmış əşyalardır, tarixin sınaqlarından keçiblər. Çox adam şəkilləri cırır, heç kim, heç nə saxlamır. Sual olunur bəs bunlar məndə niyə qalıb? Əmanətləri adama Allah verir. Bəs niyə bu əmanətləri Allah məhz mənə verib?

– Niyə?

– Qoy bu salın cavabını başqaları versin, mən yox.

– Sizdə “21 Azər Hərəkatı”na aid medal var. Bu medaldan bildiyim qədəri ilə Azərbaycanda ancaq sizdə var, yoxsa?

– Bu medallar qəhrəmanlara verilirdi. Atam da haqlı olaraq bu medala layiq görülüb. Medallardan birini də atama Həmid Məmmədzadə verib. O, axundovşünas alim idi. İrana qayıdanda atama deyib ki, tərk-silah olunub geri dönürəm, götür bu medalı, səndə qalsın, buna görə orada məni öldürərlər.

– Seyid Cəfər Pişəvərinin atanıza yazdığı məktub var. Həmin məktub hansı məzmundadır?

– Bu, əslində, Pişəvərinin inqilabi mandatıdır. Özü şəxsən Qafar müəllimə verib. Bu sənəd Qafar müəllimin inqilabçı olduğunu göstərir. Sənəddə deyilir ki, get Əhərə, orada inqilab elə. Atam at belində gedib Pişəvərinin əmrlərini yerinə yetirib.

Atam və digər fədailər Zəncana gedib aləmi bir-birinə qatıblar. Onlar fədailər idilər. Fədailik xüsusi məktəbdir. Fədailər, məsələn, gözəgörünməz olurdular, cürbəcür əməliyyatlar icra edirdilər. Fədailik elə-belə məsələ deyil, xüsusi qəhrəmanlıq tələb edir.

– Bəs bu dəvətnamə nədir?

– Əslində, Azərbaycan Milli Hökuməti Təbrizdə Şiri-xurşid zalında elan olunub. Bu o tədbirin dəvətnamələrindən biridir. Pişəvəri xalqla görüşə gələndə orada rəhbər elan edilib. Orada Azərbaycanın müqəddəratı həll olunub. Bu məktub həmin iclasa dəvətdir. Və bir sənəd əsasında isə Pişəvərini Azərbaycan Kargərləri və Zəhmətkeşlər İttihadilərinin Birləşmiş Mərkəzi Şurasının dəvəti ilə atam Pişəvərini “Ajir” qəzetindən İran Milli Məclisinə gətirib.

– Məktub məsələsinə qayıdaq...

– Hə, orada deyilir: “Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsi ağayi-Qafar Kəndli, Sizə Mərkəzi Komitə tərəfindən məmuriyyət verilir ki, foriyyətlə Əhərə hərəkət edib orada vilayət komitəsinin köməkliyi ilə Mərkəzi Komitənin nümayəndəsi vəzifəsini icra edəsiniz. Mərkəzi Komitənin sədri Pişəvəri, təşkilat şöbəsi Dehqani”.

Mənim atam elə-belə adam olmayıb. O, Pişəvərinin sol əli olub. Bilirsən niyə sol əli deyirəm, çünki atam solaxay idi, elə mən də. Atam böyük siyasi xadim idi, o bir neçə inqilabın müəllifidir. Onun Təbrizin Traktor zavodunun tikilməsində xidmətləri olub. Eyni zamanda eyniadlı futbol klubunu da yaradıblar ki, inqilabi fəaliyyətə əlavə güc versin. Amma mən istəmirəm cəmiyyət bilsin ki, atam kim idi. Çünki o, özü də istəmirdi ki, onu tanısınlar. O cür adamlara “qeyblər” deyirlər.

– Atanızı sizə daha çox xatırladan əşya hansıdır?

– Silahlı fotosu. Qafar müəllimin Mauzeri olub. Bu, məşhur alman tapança markasıdır. Get Azərbaycanda bir adam tap ki, əli Mauzerə dəyib. Mauzer elə-belə silah deyil, çox bahalıdır. Qafar müəllim at belində Azərbaycan uğrunda vuruşub. Böyük Əmim İbrahim Herisçi də qəhrəman olub.

O, İranın ilk milli qəhrəmanıdır. Onun fotosu da mənim üçün çox təsirlidir.

– Daim əlinizdə maqnitlər oynadırsınız. Maqnitə belə həvəsinizin mayası hardan qaynaqlanır.

– Fərid, mən öz kəşflərimi çox sevirəm. Özüm ixtira eləmişəm deyə çox sevirəm. Əslində, mən bununla sapsız təsbeh icad eləmişəm.

– Bu qədim xalça da diqqətimi çəkdi...

– Məndəki bu Təbriz xalçası ki var, ondan heç yanda yoxdur. Axşam şam işığını onun ilmələrini tutursan, cürbəcür qəribə rənglər verir. Onu xüsusi saplarla toxuyublar, çox gözəl əl işidir. Baxıram, bu xalçaya və öz-özümə düşünürəm ki, İlahi, insan bu naxışları necə vurub? Özü də bu xalça satış üçün nəzərdə tutulmayıb, sevgi ilə toxunub. Bu cür sıx ilmələri var, amma bundakı nazikliyə bir bax. Əmanət budur e... Dükanda satılanlar boş şeylərdir. Bu xalçadakı gizli rənglər ancaq gecələr və şam işığında üzə çıxır. Təbrizlilər hər işdə batiniliyin ustasıdırlar.

– Xalçadan danışmışkən, bu xalçanın üstündəki qədim mücrü nədir-belə?

– Bu xurma ağacının yarpaqlarından hazırlanmış xüsusi bir mücrüdür. Mücrünün həndəsi fiquru çox maraqlıdır, bu, orijinal bir dairədir. Bunu hər hansı bir mühəndisə versən, onun çoxmərtəbəli fiqurunun quruluşu onu valeh edəcək. Mən ona “Şumer dairəsi” deyirəm, çünki bu mücrü Kərbəladan gəlib. Kərbəla ilə Şumer eyni coğrafi ərazidir. Mücrü 200 il bundan qabaq xurma ağacının yarpaqlarından düzəldilib, indi qismən ovulur. Həmin xurma ağacları Dəclə-Fərat çayları ətrafında bitib.

– Mücrüdə çox zaman zinət əşyaları, qiymətli nələrsə saxlayırlar. Siz nə saxlayırsınız?

– Arzularımı (gülürük).

– Bəs bu sehirli güzgüyə bənzəyən güzgünün sirri nədədir?

– Keçmişə və gələcəyə bu güzgü vasitəsi ilə səyahət eləyirəm. Siz bilirsiz ki, mən mədəni hakerəm. Sirri sındıranam. Bəzi kitablar var ki, onu düzünə oxuyub heç nə anlamaq olmur, amma mən onları bu güzgüyə tutub tərsinə oxuyaraq mənasını anlayıram. Güzgü sirlərə cavab verəndir. Güzgü canlı əşyadır. İndiki dövrün əsas qəhrəmanlığı hakerlikdir.

– Əksər əşyalarınız çox qədimdir, saatınızsa təzə...

– Bu təzə saaatı mənə ad günümdə həyat yoldaşım İlhamiyyə xanım bağışladı. Mən vaxtı çox zaman unudan adamam, bu saat məni zamandan ayrılmağa qoymur. Bu, mənə bağışlanmış hələlik sonuncu hədiyyədir.

– Həmid müəllim əgər dünyada əşya kimi mövcud olmaq mümkün olsaydı, hansı əşya olmaq istərdiniz?

– Oktaqon olmaq istərdim. Yəni səkkizbucaq. Çünki o, dördmərtəbəli, səkkizbucaqlı özəl bir fiqurdur. O, həm batini, həm də zahiri qapıları açan mistik bir gücə sahibdir. Həndəsənin fəlsəfəsini bilənlər nə demək istədiyimi bilir.

Söhbətləşdi: Fərid Hüseyn