Aprelin 25-də “Magen David” Azərbaycan İnsan Hüquqları müdafiəsi və xeyriyyə cəmiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə Bakıda “Four Seasons Hotel”də Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun əziz xatirəsinə həsr olunmuş tədbir keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə tanınmış ictimai-siyasi xadimlər, alimlər, din xadimləri və şəhidin ailə üzvləri iştirak ediblər.
Məqsəd Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəmanların, xüsusilə də yəhudi kökləri ilə yanaşı əsl Azərbaycan övladı kimi tarixə düşmüş Albert Aqarunovun Vətənə sədaqətini, qəhrəmanlığını yeni nəsillərə çatdırmaq idi.
Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Vətən uğrunda canından keçmiş bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Ümumisrail Qafqaz Yəhudiləri Assosiasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri David Seliverstov çıxış edib.
“Albert Aqarunov milliyətindən aslı olmayaraq bu torpağın oğludur. O, vətənini canından artıq sevən, tankını döyüş meydanında bir qalxan kimi irəli sürən igid bir əsgər idi. Onun timsalında biz bir daha anlayırıq ki, qəhrəmanlıq nə millət, nə din, nə də dil tanıyır. Qəhrəmanlıq insanın ruhundadır, ürəyindədir, vicdanındadır”, - deyə David Seliverstov bildirib.
Tədbirdə həmçinin Milli Məclisin deputatı, Azərbaycan-İsrail Parlamentlərarası İşçi Qrupunun rəhbəri Anatoliy Rafailov, şairə, dosent Mahirə Nağı qızı, “Dağ Yəhudiləri” Dini İcmasının sədri Milix Yevdayev, Albert Aqarunovun qardaşı Rantik Aqarunov və digər natiqlər çıxış edərək Azərbaycanın qəhrəman övladları arasında Albert Aqarunovun xüsusi yeri olduğunu vurğulayıblar.
Sonra şəhidlərimizə və xüsusi olaraq Albert Aqarunova həsr olunmuş videoçarx nümayiş etdirilib.
Qeyd olunub ki, Albert Aqarunov yalnız bir tank komandiri kimi deyil, həm də Vətənə sədaqətli, cəsarətli, xalqına bağlı bir şəxsiyyət kimi yaddaşlara həkk olunub. Çıxış edənlər bu qəhrəmanlığın unudulmamasının və yeni nəsillərə ötürülməsinin vacibliyini vurğulayıblar.
Daha sonra tanınmış incəsənət xadimlərinin iştirakı ilə bədii proqram təqdim olunub. İştirakçılar vətənpərvərlik və birlik ruhunda çıxışları böyük maraqla izləyiblər. Azərbaycan xalqının tolerantlıq, vətənpərvərlik və birgəyaşayış dəyərlərinin bir daha nümayiş olunduğu bu mərasim Albert Aqarunovun timsalında bütün şəhidlərimizin xatirəsinə olan dərin ehtiramın təzahürü kimi yadda qalıb.