Ayda nüvə elektrik stansiyası tikəcəklər

ayda-nuve-elektrik-stansiyasi-tikecekler
Oxunma sayı: 525

Rusiya Federal Kosmik Agentliyi (“Roskosmos”) 2036-cı ilədək Ayda nüvə elektrik stansiyası inşa etməyi nəzərdə tutur. Layihənin məqsədi Ay səthində yaradılacaq infrastrukturun enerji təminatını həyata keçirməkdir.

“Qafqazinfo” xəbər verir ki, Rusiyanın 2036-cı ilə qədər kosmik fəaliyyətlərini əhatə edən proqram sənədinə əsasən, nüvə elektrik stansiyası ölkənin Ay proqramı və beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçiriləcək.

“Roskosmos”, eyni zamanda, 2036-cı ildən sonra nüvə enerjisi ilə işləyən kosmik nəqliyyat vasitələri hazırlayıb istismara verməyi də planlaşdırır.

Proqram çərçivəsində Rusiyanın digər hədəfləri arasında milli orbital stansiyanın qurulması, pilotsuz kosmik aparatlarla Ayın tədqiqi və Ay torpaq nümunələrinin Yerə gətirilməsi də yer alır.

Planlara görə, “Luna-26” missiyası 2028-ci ildə, “Luna-27/1” və “Luna-27/2” aparatları isə müvafiq olaraq 2029 və 2030-cu illərdə buraxılacaq. “Luna-28”, “Luna-29” və “Luna-30” missiyalarının isə 2032-2036-cı illər ərzində həyata keçirilməsi nəzərdə tutulur.

Bununla yanaşı, Rusiya 2036-cı ildən sonra pilotsuz kosmik aparatlarla Venera və Marsın tədqiqini, həmçinin Ay və asteroidlərdə resursların öyrənilməsi və mənimsənilməsi istiqamətində fəaliyyət göstərməyi planlaşdırır.