Bu gün Ümummilli Lider Heydər Əliyevin vəfatından 21 il ötür. Bununla əlaqədar olaraq Azərbaycan Universitetinin kollektivi Fəxri xiyabanda olub, Ümummilli Liderin abidəsi önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib.
“Qafqazinfo” xəbər verir ki, Fəxri xiyaban ziyarətinin ardından universitetin tədris binasında anım tədbiri təşkil olunub.
Tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Anım tədbirində iştirakçılar universitetin elmi işlər üzrə prorektoru Yusif Qasımov, millət vəkili Elçin Mirzəbəyli, politoloqlar Anar Əliyev, Aytən Qurbanova, İlyas Hüseynov və Samir Hümbətovun çıxışlarını dinləyiblər.
Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında misilsiz tarixi xidmətlərinin, ölkəyə rəhbərliyinin hər iki dövründəki siyasi və dövlətçilik fəaliyyətinin əsas istiqamət və məqamlarına nəzər salınıb. Qeyd olunub ki, Azərbaycanın son 50 illik tarixinin hər səhifəsində Heydər Əliyevin imzası var.
Bildirilib ki, Ulu Öndərin ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqı və dövləti qarşısında duran ən əsas vəzifə yerinə yetirilib. Ölkənin suverenliyi və ərazi bütövlüyü tam təmin olunub.
Sonda Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan videoçarx nümayiş olunub.