Azərbaycan və Qırğızıstan həmkarlar ittifaqları arasında əlaqələr genişlənir - Fotolar

azerbaycan-ve-qirgizistan-hemkarlar-ittifaqlari-arasinda-elaqeler-genislenir
Oxunma sayı: 166

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndə heyətinin Bişkekə səfəri çərçivəsində Qırğızıstan Həmkarlar İttifaqları Federasiyasında görüş keçirilib.

“Qafqazinfo” xəbər verir ki, görüşdə dövlət başçılarının - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Qırğızıstan Respublikasının Prezidenti cənab Sadır Japarovun siyasi iradəsi və dostluq münasibətləri sayəsində ölkələrimiz arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi, bu münasibətlərin həmkarlar ittifaqları arasında əməkdaşlığın genişlənməsi üçün əlverişli şərait yaratdığı vurğulanıb.

Qırğızıstan Həmkarlar İttifaqları Federasiyasının sədri Muradil Cumadilde rəhbərlik etdiyi təşkilatın fəaliyyəti və əmək hüquqlarının qorunması istiqamətində görülən işlər barədə məlumat verib, Azərbaycan həmkarlar ittifaqları ilə əlaqələrin əhəmiyyətini qeyd edib. Bildirilib ki, iki təşkilat arasında imzalanmış memorandumlar, Qırğızıstan nümayəndələri üçün Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında təşkil olunan təlimlər, eləcə də qarşılıqlı səfərlər əməkdaşlığın inkişaf dinamikasını əks etdirir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov ölkəmizin həmkarlar ittifaqları sistemində aparılan yenilənmə prosesindən, əmək hüquqlarının müdafiəsi sahəsində tətbiq edilən müasir mexanizmlərdən və rəqəmsallaşmanın həmkarlar ittifaqlarının fəaliyyətinə verdiyi üstünlüklərdən danışıb. Əməkdaşlığın perspektivləri barədə fikirlərini bölüşən Konfederasiya sədri bir çox sahələrdə, xüsusilə sağlamlıq turizmi üzrə əlaqələrin inkişafı üçün böyük potensialın olduğunu qeyd edib.

Görüşdə Azərbaycan və Qırğızıstan həmkarlar ittifaqları arasında imzalanmış memorandumların icrası, birgə təşəbbüslərin reallaşdırılması və əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub.

Görüş çərçivəsində Azərbaycanın sağlamlıq turizmi ilə bağlı təqdimat keçirilib. Tədbirdə Qırğızıstan Respublikasının Səhiyyə Nazirliyinin, Turizmin İnkişafı üzrə Dövlət Agentliyinin, özəl qurumların və həmkarlar ittifaqlarının nümayəndələri, eləcə də media mənsubları iştirak ediblər.

“Kurort” Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru Çingiz Hacıyev Azərbaycanın sağlamlıq turizmi imkanları, o cümlədən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sağlamlıq və istirahət mərkəzləri, onların xidmət imkanları, müalicə üsulları və istirahət xidmətləri barədə təqdimatla çıxış edib.

Tədbir çərçivəsində Azərbaycanın sağlamlıq turizmi imkanlarını əks etdirən film nümayiş olunub, iştirakçıların sualları cavablandırılıb.