“Azərbaycanı bir sözlə ifadə etməyi xahiş etdilər, qonaqpərvərlik sözünü seçdim”

azerbaycani-bir-sozle-ifade-etmeyi-xahis-etdiler-qonaqperverlik-sozunu-secdim
Oxunma sayı: 436

“Dörd il yarım əvvəl Azərbaycana gəlməzdən öncə mənə demişdilər ki, sizin belə bir deyiminiz var: “Qonaq Allah qonağıdır”. Burada olduğum hər gün bunu hiss etmişəm”.

“Qafqazinfo” xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld ölkəmizdə diplomatik missiyasının başa çatması ilə bağlı təşkil edilən tədbirdə deyib.

“Bu yaxınlarda məndən Azərbaycanı bir sözlə ifadə etməyi xahiş etdilər. Mən qonaqpərvərlik sözünü seçdim. Azərbaycana gəlməmişdən öncə bilirdim ki, ölkələrimiz onilliklər ərzində enerji, təhsil, ticarət və investisiya sahələrində möhkəm əlaqələr qurublar. Amma birlikdə bununla kifayətlənməyib, daha nə qədər irəli gedə biləcəyimizi təsəvvür etmirdim”, - səfir qeyd edib.

“Bu müddət ərzində Azərbaycanın Ukraynaya göstərdiyi siyasi və humanitar dəstəyi, o cümlədən Prezident Zelenskinin son səfəri ilə təsdiqlənən əməkdaşlığın genişlənməsini yüksək qiymətləndirirəm. Son bir il ərzində iki dəfə Azərbaycanın cənub sərhədi boyunca müharibənin şahidi olduq. Təkrar-təkrar baş verən təxribatlara baxmayaraq, Azərbaycan hökumətinin İranla münasibətləri idarə etmək və gərginliyi azaltmaq istiqamətində göstərdiyi səyləri təqdir edirəm. Xüsusilə təsiredici olan isə Ermənistanla sülh istiqamətində əldə olunan irəliləyişdir. 2022- ci ilin yanvarında Gəncəyə gəldiyim zaman 44 günlük müharibənin raket zərbələrinin izləri hələ də şəhərdə görünürdü. Amma ötən həftə Prezident İlham Əliyev İrəvanda keçirilən EPC Sammitində Azərbaycan və Ermənistan arasında sülhün real olmağı ilə bağlı mühüm mesajlar verdi. Bir neçə gün əvvəl isə Baş nazirin müavini Şahin Mustafayev ikitərəfli Sərhəd Komissiyasına həmsədrlik etmək üçün səfər etdi. Burada olduğum müddətdə Böyük Britaniya və Azərbaycan bu mürəkkəb geosiyasi mənzərədə birgə hərəkət edərək qarşılıqlı təhlükəsizliyimizi və rifahımızı möhkəmləndirib. Bu dörd il ərzində peşəkar fəaliyyətimdə bir çox yaddaqalan məqamlar olub. Ən qürurverici anım COP29 idi. Bakı indiyədək ev sahibliyi etdiyi ən böyük tədbiri – iqlim dəyişikliyi kimi həyati əhəmiyyətli qlobal məsələ üzrə ən mürəkkəb danışıqları, çətin geosiyasi şəraitdə – yüksək səviyyədə keçirdi. Azərbaycan bunu parlaq şəkildə bacardı və Böyük Britaniya bu yolda onun yanında olmaqdan məmnun idi. Sir Kir Starmer tədbirdə iştirak edərək Azərbaycana səfər etmiş ilk Britaniya Baş naziri oldu. Həmçinin yeddi Britaniya naziri iki həftə ərzində Bakıya səfər etdi və bu İqamətgah qonaqlarla doldu. İqlim maliyyələşməsi üzrə danışıqlarda mühüm nəticələr əldə etdik. Biznes, parlament və vətəndaş cəmiyyəti nümayəndələri ilk Bakı İqlim Fəaliyyəti Həftəsində fəal iştirak etdilər. Və əlbəttə, gənc COP29 könüllülərini heç vaxt unutmayacağam – onlar bu ölkənin nə qədər işıqlı gələcəyi ola biləcəyini göstərdilər. Ən unudulmaz anlarımdan bəziləri Qarabağ və Şərqi Zəngəzura səfərlərim olub. Keçən il Britaniya Ticarət Palatası ilə Şuşa və Laçında gözəl bir səfərdə oldum. Hər gəlişimdə yeni inkişaflar və təzə ümid görmüşəm. Britaniya şirkətlərinin bu prosesin bir hissəsi olması ilə fəxr edirəm. Chapman Taylor Qarabağda, Bakıda və artıq Naxçıvanda dünya səviyyəli dizayn və baş planlaşdırma təcrübəsini təqdim edir. bp-nin Cəbrayıldakı “Şəfəq” günəş elektrik stansiyası layihəsi isə həm təmiz enerji, həm də yeni iş yerləri yaradır və Səngəçal terminalının dekarbonizasiyasına töhfə verəcək”, - səfir vurğulayıb.

Günel İbrahimova