“Azərbaycanla birgə ekoloji layihələr həyata keçirə bilərik” - Ambartsum Matevosyan

azerbaycanla-birge-ekoloji-layiheler-heyata-kecire-bilerik
Oxunma sayı: 251

Ermənistanın ətraf mühit naziri, COP17-nin prezidenti Ambartsum Matevosyan sərhədlərin delimitasiya və demarkasiya prosesindən sonra Azərbaycanla, eləcə də digər qonşu ölkələrlə transsərhəd ekoloji layihələrin həyata keçirilməsinin mümkün olacağına ümid etdiyini bildirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Armenpress” agentliyi məlumat yayıb.

Matevosyan bu açıqlamanı COP17 çərçivəsində təşkil olunan mətbuat konfransında Şikahox və Cermuk ərazilərindəki ekoloji problemlərlə bağlı sualı cavablandırarkən verib:

“Ümid edirəm ki, təkcə Azərbaycan Respublikası ilə deyil, bütün qonşu ölkələrimizlə birlikdə transsərhəd ekoloji proqramlar həyata keçirmək imkanımız olacaq. Qeyd olunduğu kimi, müxtəlif fondlarda ölkələrə vahid paket şəklində təqdim olunmaları üçün belə imkanlar yaradılır. Sərhədlərin dəqiqləşdirilməsi işlərindən sonra bu cür əməkdaşlıq ötən onilliklərdə qeydə alınan ekoloji itkilərin bərpası məsələsinə toxunmağa da imkan verə bilər”.

Matevosyan ətraf mühitə dəymiş ziyanı pisləyərək təbiətin sərhəd tanımadığını və ekoloji problemlərin ayrı-ayrı ölkələrin əraziləri ilə məhdudlaşmadığını qeyd edib. 

Mətbuat konfransında o, həmçinin bir Ermənistan vətəndaşı və siyasi vəzifə tutan şəxs kimi ölkəsinin ali maraqlarını rəhbər tutduğunu ifadə edib. Qonşularla münasibətlər kontekstində nazir sülh gündəliyinin möhkəmləndirilməsinin və sərhədlərin dəqiqləşdirilməsi prosesinin irəliləməsinin vacibliyini diqqətə çatdırıb.