“Azərişıq” ASC işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzurun bütün ərazilərində yenidənqurma işlərini davam etdirir. O cümlədən, Qubadlı, Zəngilan və Cəbrayıl rayonları ərazisində hazırda bir neçə istiqamətdə işlər fasiləsiz olaraq aparılır.
“Qafqazinfo” xəbər verir ki, Zəngilan rayonunun Ağbənd qəsəbəsindən Bartaz yüksəkliyi istiqamətində 35 kV-luq izolyasiyalı xəttin çəkilişinə start verilib.
Qubadlı rayonu ərazisində də bir neçə istiqamətdə yenidənqurma işləri davam edir. 110/35/10 kV-luq Qubadlı yarımstansiyasından çıxan Fərcan xəttinin yeni dayaqları basdırılır.
Sarılı Xəştab kəndi istiqamətində də yeni 35 kV-luq xəttin metal dayaqlarının basdırılması işləri davam etdirilir. Həmçinin, Uzumculuk deyilən ərazi və Güləbirt istiqamətlərində də işlər aparılır.
İki dövrəli Cəbrayıl-Horovlu 35 kV-luq ÖİN-3-lə (Özünüdaşıyan İzolyasiyalı Naqil) çəkilən kabel hava xəttinin layihə üzrə nəzərdə tutulan dayaqlarının əksəriyyəti əkilib, işlər davam edir. Həmçinin, yenidənqurma işləri çərçivəsində iki dövrəli 35 kV-luq ÖİN-3-lə (Özünüdaşıyan İzolyasiyalı Naqil) çəkilən Şükürbəyli xəttinin davamı olaraq Xudafərin xəttinin dayaqlarının basdırılması işləri aparılır.