Bakıda yük maşını qatara çırpıldı, sürücü öldü - Video - Yenilənib

bakida-yuk-masini-qatara-cirpildi-surucu-oldu
Oxunma sayı: 3292

Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yol-nəqliyyat qəzası baş verib və vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Hadisə yerinə nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Ford” markalı yük avtomobilinin hərəkətdə olan qatara çırpılması nəticəsində yol-qəza hadisəsi baş verib və yük avtomobilinin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə vətəndaş, 1981-ci il təvəllüdlü Soltanov Rövşən Ədalət oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

***

Gecə saatlarında Qala qəsəbəsində qatarla toqquşan yük maşınının sürücüsü həlak olub.

“Qafqazinfo” xəbər verir ki, saat 03 radələrində Xəzər rayonu Qala qəsəbəsinin ərazisində qorunmayan keçiddə Biləcəri lokomotiv deposuna məxsus tərkibində 38 ədəd boş qoşqulu çən olan elektrovozla Şərur rayon sakini 1981-ci il təvəllüdlü Rövşən Sultanovun idarə etdiyi “KamAZ” markalı yük avtomobili toqquşub.

R.Sultanov aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır.

***

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi və Sabunçu Tibb Mərkəzindən sorğumuza cavab olaraq bildirilib ki, bu gün saat 02:40 radələrində mərkəzə Xəzər rayonu, Stansiya Qala ərazisindən çağırış qeydə alınıb.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. 

Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfər (kişi) açıq kəllə-beyin diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Həkim heyəti tərəfindən sözügedən şəxsin bioloji ölüm faktı qeydə alınıb.