BANM-də beynəlxalq elmi konfransın bağlanış mərasimi keçirildi - Fotolar

banm-de-beynelxalq-elmi-konfransin-baglanis-merasimi-kecirildi
Oxunma sayı: 359

Bakı Ali Neft Məktəbində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan Tələbə və Gənc tədqiqatçıların VII Beynəlxalq elmi konfranslarının rəsmi bağlanış mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, açılış nitqi ilə çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Ali Məktəbdə artıq ənənə halını alan elmi konfransların tələbə və gənc tədqiqatçıların akademik inkişafı üçün mühüm platformaya çevrildiyini, eyni zamanda elmi tezislərin praktik əhəmiyyətli, sənaye yönümlü olduğunu qeyd edib.

Rektor bildirib ki, elmi konfranslara ümumilikdə “Neft-qaz mühəndisliyinin enerji sistemlərinə inteqrasiyası” mövzusunda 129, “Dayanıqlı Kimya mühəndisliyinə doğru” mövzusunda 256, “Ağıllı sistemlər və kibertəhlükəsizlik” mövzusunda isə 279 müraciət daxil olub. Yerli universitetlərlə yanaşı, ABŞ, Böyük Britaniya, İtaliya, Çin, Türkiyə, Səudiyyə Ərəbistanı, Özbəkistan kimi xarici ölkələrin ali təhsil müəssisələrindən də tələbələr 89 tezis təqdim ediblər.

“SOCAR Downstream Management” şirkətinin baş direktor müavini Nərmin Abdullayeva, “Glensol” şirkətinin Turbin-kompressor əməliyyatları və bp layihələri üzrə meneceri Rafiq Əhmədov, SOCAR-ın Yatağın qiymətləndirilməsi və karbohidrogen ehtiyatlarının idarə olunması üzrə şöbə rəisinin müavini Elvin Əhmədov, “Bank Respublika”nın Pərakəndə bankçılıq departamentinin direktor müavini Xanəli Dadaşev çıxış edərək elmi konfransın işini yüksək qiymətləndirib, gənc tədqiqatçılara uğurlar arzulayıblar. 

Daha sonra elmi konfransların qalibləri mükafatlandırılıblar.