Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov israilli həmkarı Gideon Saarı qəbul edib.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Xarici İşlər Nazirliyinin “X” hesabında məlumat paylaşılıb.
Bildirilib ki, XİN rəhbərləri arasında təkbətək görüş başlayıb.
***
Bu gün xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan İsrail Dövlətinin xarici işlər naziri Gideon Saar ilə görüşüb.
C.Bayramov və G.Saar arasında baş tutan təkbətək görüş, daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.
Görüşlər zamanı Azərbaycan-İsrail münasibətlərinin ikitərəfli və çoxtərəfli əməkdaşlıq istiqamətləri üzrə mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri, eləcə də regional vəziyyət müzakirə olunub.
Qarşılıqlı səfərlərin dövlətlərarası münasibətlərin qarşılıqlı etimada və ortaq maraqlara əsaslanan strateji tərəfdaşlıq xarakteri daşıdığı vurğulanıb.
İqtisadi əməkdaşlığın ikitərəfli əlaqələrin mühüm sütunlarından biri olduğu qeyd edilib. Enerji, ticarət, investisiyalar, turizm, nəqliyyat-logistika, yüksək texnologiyalar, müdafiə və təhlükəsizlik, yaşıl enerji, tibb və əczaçılıq sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcud olduğu bildirilib. Bu çərçivədə, Azərbaycan Hökuməti ilə İsrail Hökuməti arasında Birgə Komissiyanın rolu xüsusi vurğulanıb. İsrail nazirinin səfəri zamanı keçiriləcək biznes forumun iqtisadi əlaqələrin inkişafına əlavə təkan verəcəyinə əminlik ifadə olunub.
Humanitar sahədə əməkdaşlığın, xalqlarımız arasında tarixi bağların, Azərbaycanda çoxəsrlik yəhudi, İsraildə isə Azərbaycan icmasının əlaqələrimiz inkişafına verdiyi töhfə vurğulanıb.
Beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Qəzza zolağında vəziyyət, Yaxın Şərqdə sülh və sabitlik səyləri, eləcə də Cənubi Qafqazda post-münaqişə dövründə normallaşma gündəliyi müzakirə olunub.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə keçmiş məcburi köçkünlərin qayıdışı və bu prosesə əngəl törədən mina təhlükəsi barədə qarşı tərəfə məlumat verilib.
Görüşlərdən sonra birgə mətbuat konfransı təşkil edilib, nazirlər görüşlərin nəticələrinə dair bəyanatlarla çıxış ediblər.






Son xəbərlər
Son Xəbərlər