100 mindən çox tarakan müsadirə edildi - Avstraliyada rekord əməliyyat

100-minden-cox-tarakan-musadire-edildi
Oxunma sayı: 867

Avstraliyanın Yeni Cənubi Uels (NSW) ştatında keçirilən genişmiqyaslı əməliyyat zamanı 100 mindən çox canlı ekzotik tarakan müsadirə olunub. Rəsmilər bunu ölkə tarixində qanunsuz ekzotik onurğasızların ən böyük müsadirəsi kimi qiymətləndirirlər.

“Qafqazinfo” xəbər verir ki, biotəhlükəsizlik əməkdaşları bazar dəyəri təxminən 200 min dollar olan tarakanları ştatın Batörst şəhərində fəaliyyət göstərən kommersiya istehsalçısından götürüblər.

Müsadirə edilən növlər arasında dünyanın ən iri tarakan növlərindən hesab olunan Dubia tarakanları və Madaqaskar fısıldayan tarakanları da var.

Avstraliya Ətraf Mühit Nazirliyinin açıqlamasına görə, bu növlər ölkəyə qanunsuz yolla gətirildiyi üçün onların saxlanılması, yetişdirilməsi və satışı qadağandır. Bildirilib ki, həmin canlılar ətraf mühit risklərinin qiymətləndirilməsindən keçməyib və onların yayılması yerli ekosistemə, kənd təsərrüfatına və biomüxtəlifliyə ciddi zərər vura bilər.

İqlim Dəyişikliyi, Enerji, Ətraf Mühit və Su Departamentinin nümayəndəsi bildirib ki, ölkənin unikal biomüxtəlifliyinin qorunması dövlət qurumlarının əsas prioritetlərindən biridir və qanunsuz ekzotik növlərin ticarətinə qarşı mübarizə davam etdiriləcək.

Məlumata görə, müsadirə edilən tarakanların böyük hissəsinin ev heyvanları bazarında, xüsusilə sürünənlər üçün yem kimi satılması planlaşdırılırdı. Dubia tarakanları evdə saxlanılan ilanlar, kərtənkələlər, qurbağalar və bəzi balıq növləri üçün geniş istifadə olunan qida mənbələrindən hesab olunur.

Rəsmilər sürünən heyvan sahiblərini Dubia tarakanları əvəzinə cırcırama və ağac biti kimi qanuni alternativlərdən istifadə etməyə çağırıblar.

İnvaziv Növlər Şurasının nümayəndələri əməliyyatı yüksək qiymətləndirərək bildiriblər ki, xarici mənşəli tarakanların təbiətə buraxılması yerli növlər üçün ciddi təhlükə yarada, həmçinin yeni xəstəliklərin yayılmasına səbəb ola bilər.

Qeyd edilib ki, Avstraliyada 500-dən çox yerli tarakan növü mövcuddur və Batörstdə aşkarlanan qeyri-qanuni istehsalın miqyası ölkədəki qara bazarın həcmi ilə bağlı ciddi suallar doğurur.

Hazırda müsadirə edilən tarakanların zərərsizləşdirilməsi prosesi Yeni Cənubi Uels Əsas Sənaye və Regional İnkişaf Departamenti tərəfindən həyata keçirilir.