Tibetin dağlıq rayonlarında “qırmızı kabus” adlandırılan ən nadir təbiət hadisələrindən biri qeydə alınıb.
“Qafqazinfo” xəbər verir ki, bu təbiət hadisəsi Yer səthindən 50-90 km yüksəklikdə baş verən xüsusi elektrik boşalması nəticəsində meydana gəlir.
Onu adi ildırımdan fərqləndirən xüsusiyyət aşağıya deyil, yuxarıya - kosmik fəzaya doğru istiqamətlənməsidir.
“Qırmızı kabus”ların çox sürətlə (100 millisaniyə) baş verməsi onları müşahidə üçün ən çətin təbiət hadisələrindən birinə çevirir. Belə ki, insan gözü gecə səmasında ani işıqlanma dəyişikliyini fərq etməkdə çətinlik çəkir, çünki sadəcə olaraq adaptasiya olmağa vaxt tapmır. Üstəlik, bu unikal hadisə qara buludların arxasında baş verir ki, bu da yerdə olan müşahidəçilərin onu izləməsini çətinləşdirir.
Seyrək hava və minimal işıq çirklənməsinə malik Tibet yaylası “qırmızı kabus”u izləmək üçün ən uyğun məkan hesab olunur. Bu təbiət hadisəsinin sosial şəbəkələrdə yayılan görüntüləri böyük maraq və heyrətə səbəb olub.

Son xəbərlər
Son Xəbərlər