Belçika sentyabr ayında NATO-nun Arktika missiyası (“Arctic Sentry”) çərçivəsində keçiriləcək təlimlərdə iştirak etmək üçün Qrenlandiyaya 30-a yaxın hərbçi göndərməyi planlaşdırır.
“Qafqazinfo” “Belga” agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Teo Franken İslandiyaya səfəri zamanı bəyan edib.
Müdafiə Nazirliyi cümə günü belçikalı hərbçilərin təlimlərdə iştirakı ilə bağlı məlumatı təsdiqləyib. Təlimlərin sentyabrın 4-dən 18-dək keçirilməsi nəzərdə tutulur.
Belçika mediasının verdiyi məlumata görə, söhbət “Arctic Sentry” missiyasının Arktikada təhlükəsizliyin təmin edilməsi üzrə Şimali Atlantik Alyansı qüvvələrinin təlimini nəzərdə tutan “Arctic Shield” adlı yeni komponentindən gedir.
Məlumat üçün bildirək ki, NATO “Arctic Sentry” missiyasına bu ilin fevral ayında Qrenlandiya ətrafında gərginliyin artması və blokun Arktika regionuna diqqətinin güclənməsi fonunda start verib. Adaya xüsusi diqqətin ayrılmasına ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanın strateji əhəmiyyəti və Birləşmiş Ştatların ada üzərində nəzarətini gücləndirməkdə maraqlı olması barədə bəyanatları səbəb olub.
Son xəbərlər
Son Xəbərlər