Beynəlxalq axtarışa verilmiş şəxslər Azərbaycana gətirildi

beynelxalq-axtarisa-verilmis-sexsler-azerbaycana-getirildi
Oxunma sayı: 696

İki təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Azərbaycan vətəndaşları Nahif Əlicanlı və Renad Orucovun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatətləri Rusiya Baş Prokurorluğu tərəfindən təmin edilib.

Belə ki, Qubadlı Hərbi Prokurorluğunda ibtidai istintaqı aparılan cinayət işi üzrə Nahid Əlicanlının müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olduğu dövrdə xidmətdən yayınması, Bakı şəhəri Nizami Rayon Polis İdarəsində ibtidai istintaq edilən cinayət işi üzrə isə Renad Orucovun xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilib və istintaqdan qaçıb gizləndiklərinə görə dövlətlərarası axtarışa verilib.

Hər iki şəxs Rusiya ərazisində saxlanılaraq Ədliyyə Nazirliyinin aidiyyəti qurumları tərəfindən Azərbaycana gətiriliblər.