İki zəhərli iynədən sağ çıxan edam məhkumu ilk dəfə danışdı

iki-zeherli-iyneden-sag-cixan-edam-mehkumu-ilk-defe-danisdi
Oxunma sayı: 347

ABŞ-nin Tennessi ştatında iki doza ölümcül iynə vurulmasına baxmayaraq sağ qalan 50 yaşlı edam məhkumu Krista Payk yaşadığı qorxunc təcrübə haqda ilk dəfə danışıb.

“Qafqazinfo” xəbər verir ki, xəstəxanada uzunmüddətli müalicədən sonra həbsxanaya qaytarılan Payk hər gün şiddətli fiziki və mənəvi ağrılar çəkdiyini bildirib.

30 sentyabrda həyata keçirilən edam prosesi zamanı həkim heyəti zəhərli maddəni yeritmək üçün qadının venasını tapmaqda ciddi çətinlik çəkib və 10-a yaxın cəhd edib. Vurulan iki doza “pentobarbital” maddəsinə baxmayaraq ölməyən Payk koma vəziyyətində xəstəxanaya çatdırılıb və süni tənəffüs aparatına qoşulub. Oktyabrın ortalarında özünə gələrək həbsxanaya qaytarılan məkum vəkilləri vasitəsilə baş verənləri təsvir edib.

“Edam otağına ölməyə və taleyimlə barışmağa hazır halda girdim. Bir neçə gün sonra xəstəxanada tək, çaşqın və şiddətli ağrılar içində gözümü açdım. O gecədən bəri ağrımayan bir anım da yoxdur. Bədənim, boğazım və əllərim sızıldayır, danışmaqda çətinlik çəkirəm. Ruhum və zehnim də dəhşətli əzab çəkir”, - o bildirib.

Qeyd edək ki, məhkumun vəkilləri edam cəhdindən sonra Paykda ağciyər iltihabı və qan laxtalanması kimi ağır fəsadların yarandığını bildirərək cəzanın ömürlük həbslə əvəz olunmasını tələb edirlər. Hadisə ilə bağlı müstəqil təhqiqat başladılıb, Tennessi qubernatoru Bill Li isə ştatdakı bütün edam proseslərini müvəqqəti olaraq dondurub.

Xatırladaq ki, Krista Payk 1995-ci ildə 19 yaşlı Kollin Slemmerə işgəncə verərək öldürməkdə günahlandırılaraq edam cəzasına məhkum edilmişdi.