“Dünyanın ən böyük kriptovalyuta birjalarından olan “Binance”ə qarşı həyata keçirilən kiberhücumla bağlı araşdırmalar davam edir”.
“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Rusiya tərəfindən azad edilən ABŞ vətəndaşı Stiven Habbardla Oval Ofisdə keçirilən görüşdən sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.
Tramp hücumun arxasında Şimali Koreya haker qrupunun durub-durmadığına dair sualı da cavablandırıb: “Hələ ki bilmirik. “Binance”ə qarşı kiberhücumu araşdırırıq”.
Oğurlanmış vəsaitlərin bərpasına toxunan ABŞ dövlət başçısı “Binance”in itirilən aktivləri geri qaytaracağına zəmanət verdiyini qeyd edib: “Problem məhz bunun kiberhücum olmasındadır. Əvvəllər çek imzalamaq kimi ənənəvi üsullar var idi. İndi isə artıq heç kim nağd pulu görmür. Mən həmişə bunun müəyyən dərəcədə təhlükəli olduğunu düşünmüşəm. Onlar vəziyyəti nəzarət altına aldıqlarını bildirirlər, baxacağıq”.
Qeyd edək ki, “Binance” rəhbərliyi potensial təhlükəsizlik pozuntusunun təxmini həcminin 6,3 milyard dollar təşkil etdiyini açıqlayıb. Şirkət istifadəçi vəsaitlərinin təhlükəsizlikdə olduğunu və təxminən 3 milyard dollarlıq aktivin artıq bloklandığını bəyan edib.
Son xəbərlər
Son Xəbərlər