Binəqədidə yüksək bal toplayan tələbələrlə konfrans keçirildi - Fotolar

bineqedide-yuksek-bal-toplayan-telebelerle-konfrans-kecirildi
Oxunma sayı: 1347

Binəqədi rayonunda 2020-2021-ci tədris ilinin yekunları münasibətilə keçirilən və yüksək bal toplayaraq ali təhsil ocaqlarına daxil olmuş abituriyentlərlə görüşə həsr olunmuş təhsil konfransı keçirilib. “Qafqazinfo” xəbər verir ki, tədbir “ZOOM” platformasında və canlı keçirilməklə iki hissədən ibarət olub.

Tədbirin I hissəsində Rayon İcra Hakimiyyəti Başçısının müavini Sevinc Süleymanova, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev və digər rəsmi şəxslər iştirak ediblər.

Tədbiri giriş nitqi ilə açan RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Amal Əsgərov konfransın tarixi əhəmiyyətli bir günə- Cəbrayıl şəhəri və ətraf kəndlərinin azad edildiyi günə təsadüf etdiyini vurğuladıqdan sonra Vətən müharibəsində canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova “Binəqədi rayonunda 2020-2021-ci tədris ilin yekunları və yeni tədris ilinə hazırlıqla bağlı görülmüş işlər” barədə hesabat məruzəsi ilə çıxış edib: “Azərbaycanda son illərdə elmin və təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər Prezident İlham Əliyevin bu sahəni dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, təhsil işçilərinə hərtərəfli qayğı dövlətin gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir. Həmçinin, təhsil işçilərinin əməkhaqqının artırılması, onların mükafatlandırılması, Fəxri adlarla təltif edilməsi, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlar müəllim nüfuzunu daha da yüksəldir”.

Tədbirin II hissəsində yüksək bal toplayaraq ali təhsil ocaqlarına qəbul olmuş və prezident təqaüdünə layiq görülmüş tələbə adını qazanan gənclərlə görüş keçirilib.

Görüşdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov və digər rəsmi şəxslər iştirak ediblər.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev rayonun çətin bilik yarışmasında qalib çıxaraq tələbə adını qazanan bütün orta məktəb məzunlarını bu böyük uğur münasibətilə ürəkdən təbrik edərək bildirib ki,  onların bu qələbəsi- tələbə adını qazanması bu gün daha böyük önəm daşıyır.

Sonda tələbə gənclərə hədiyyələri təqdim edilib və onlarla xatirə şəkli çəkilib.