Xəbər verdiyimiz kimi, ötən gün Qubada bir ailənin səkkiz üzvü qidadan zəhərlənib.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, hazırda zəhərlənənlərin vəziyyəti stabildir.
“Quba rayonunda məişət şəraitində baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən müvafiq qurumlarla birgə araşdırma aparılır. İlkin araşdırma zamanı məlum olub ki, zərərçəkənlər ad günü tədbiri zamanı ev şəraitində hazırlanan qida məhsullarını istehlak etdikdən sonra özlərini narahat hiss ediblər.
Daha sonra müayinə məqsədilə Quba və Qusar rayon mərkəzi xəstəxanalarına müraciətlər olunub. Vəziyyətləri stabildir. Nümunələr götürülüb, hazırda araşdırmalar davam edir. Agentlik bir daha məişət şəraitində hazırlanan qidaları istehlaka təqdim edərkən, saxlama şəraitinə, temperatur rejiminə, gigiyena və düzgün daşıma qaydalarına riayət edilməsinin vacibliyini bildirir”, - açıqlamada bildirilib.
***
Qusar Rayon Mərkəzi Xəstəxanasından sorğumuza cavab olaraq bildirilib ki, fevralın 8-i saat 14:00 radələrində zəhərlənmə şübhəsi ilə 8 nəfər (2 kişi, 6 qadın) xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub: “Onlara qida toksikoinfeksiya diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib.
Vəziyyətləri qənaətbəxş qiymətləndirilən 8 nəfərin hər biri ambulator müalicə üçün evə buraxılıb”.
Son xəbərlər
Son Xəbərlər