“Bir foto bəzən yüzlərlə sözün ifadə edə bilmədiyini göstərir” - Fotolar

bir-foto-bezen-yuzlerle-sozun-ifade-ede-bilmediyini-gosterir
Oxunma sayı: 1822

Antalyada keçirilən Azərbaycan Mədəniyyət Elçiləri Forumu çərçivəsində tanınmış fotoqraf Reza Deqatinin “Həqiqətin gözü” adlı təqdimatı baş tutub.

Təqdimatla bağlı “Qafqazinfo”ya açıqlama verən Reza Deqati bildirib ki, hər bir foto yalnız bir anı deyil, bütöv bir taleni əks etdirir.

73 yaşlı fotoqraf qeyd edib ki, 60 ilə yaxındır foto sənəti ilə məşğuldur və eləcə də BMT və UNESCO kimi beynəlxalq qurumlarla əməkdaşlıq edib:

“Mənim fəaliyyətim təkcə sənət işi ilə məhdudlaşmır. Mən müharibə bölgələrində və sosial baxımdan çətin şəraitdə yaşayan gənclər və qadınlar üçün jurnalistika təlimləri və humanitar layihələr həyata keçirirəm. Bu proqramlar vasitəsilə gənclər öz hekayələrini öz dilləri ilə ifadə etməyi öyrənirlər. İndi Azərbaycan informasiya müharibəsinin mərkəzindədir. Mən istəyirəm ki, bizim gənclər foto vasitəsilə Azərbaycanın həqiqətlərini dünyaya çatdırsınlar. Mən illərin təcrübəsi ilə bilirəm ki, bir foto bəzən yüzlərlə sözün ifadə edə bilmədiyini göstərir”.

Təqdimat zamanı fotoqrafın çoxillik yaradıcılıq fəaliyyəti, müharibə və sülh mövzularına həsr etdiyi fotoları, eləcə də Azərbaycanın azad olunmuş ərazilərində çəkdiyi təsirli kadrları nümayiş olunub. 

Qeyd edək ki, təqdimat Azərbaycan Mədəniyyət Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə baş tutub.

Lamiyə Məmmədova