Pakistanda 17 yaşlı oğlan atasını zəhərləməyə cəhd etdiyi və daha sonra cinayəti gizlətmək üçün süni intellektdən kömək istədiyi iddiası ilə saxlanılıb.
“Qafqazinfo” xəbər verir ki, Pakistan Milli Kibercinayətlərin Təhqiqatı Agentliyi gəncin onlayn fəaliyyətinin avtomatlaşdırılmış sistem tərəfindən aşkarlandığını açıqlayıb.
Onun Bahavalpur şəhərində yaşadığı müəyyənləşdirilib və saxlanılıb.
İstintaqın məlumatına görə, ailədə yeganə oğul olan gənc atası ilə mübahisədən sonra kimya ilə maraqlanmağa başlayıb. Onun “Breaking Bad” serialına baxdıqdan sonra evdə kiçik laboratoriya qurduğu və müxtəlif kimyəvi maddələr əldə etdiyi bildirilir.
Rəsmilər gəncin hazırladığı maddəni atasına verdiyini, lakin cəhdin uğursuz olduğunu bildiriblər. Maddənin tərkibi və atanın səhhətinə təsiri açıqlanmayıb.
Bundan sonra gəncin süni intellektlə işləyən söhbət botundan ölümcül zəhərlənməni aşkarlanmadan həyata keçirməyin yolları barədə soruşduğu bildirilir.
Səlahiyyətli orqanlar hansı süni intellekt tətbiqindən istifadə edildiyini və sistemin ona necə cavab verdiyini açıqlamayıb.
Hazırda hadisə ilə bağlı kimyəvi maddələr, zəhərlənmə cəhdi və gəncin onlayn fəaliyyəti araşdırılır.
Son xəbərlər
Son Xəbərlər