“Möcüzə ağacı” kimi tanınan morinqa içməli suda olan mikroplastiklərin böyük hissəsini aradan qaldırmaq potensialına malikdir.
“Qafqazinfo” xəbər verir ki, Braziliyadakı San Paulo Dövlət Universiteti alimləri tərəfindən aparılan və “ACS Omega” jurnalında dərc olunan tədqiqatda morinqa toxumlarından əldə edilən duz əsaslı ekstraktın effektivliyi araşdırılıb.
Nəticələr göstərib ki, bu təbii maddə suyun təmizlənməsində geniş istifadə olunan alüminium-sulfatla müqayisədə eyni, bəzi hallarda isə daha yaxşı nəticə verir.
Araşdırmaya əsasən, həm morinqa ekstraktı, həm də alüminium-sulfat mikroplastik hissəciklərin elektrik yükünü neytrallaşdıraraq, onların birləşməsinə və filtrasiya zamanı asanlıqla tutulmasına şərait yaradır. Hər iki üsul sudakı PVC tərkibli mikroplastiklərin 98%-dən çoxunu aradan qaldıra bilib. Lakin morinqa daha geniş pH diapazonunda stabil nəticələr göstərib.
Alimlər bildirir ki, ölçüsü təxminən 15 mikrometr olan bu hissəciklər adi filtrlərdən keçə biləcək qədər kiçikdir və insan sağlamlığı üçün ciddi risk yaradır. Mikroplastiklərin bağırsaq divarını keçərək, qan dövranına daxil ola bildiyi və müxtəlif xəstəliklərlə əlaqələndirildiyi vurğulanır.
Qeyd edilir ki, morinqanın suyun təmizlənməsində istifadəsi yeni deyil. Tarixi mənbələrə görə, Qədim Misir dövründə də bu bitkidən suyun sterilizasiyası və bulanıqlığın azaldılması üçün istifadə olunub.
Mütəxəssislər morinqanın ekoloji üstünlüklərinə də diqqət çəkirlər. Sürətli böyüməsi, quraqlığa davamlılığı və az su tələbatı bu bitkini davamlı və əlverişli alternativə çevirir. Bundan əlavə, onun istifadəsi alüminium əsaslı kimyəvi maddələrin yaratdığı ekoloji və sağlamlıq risklərini azalda bilər.
Bununla belə, tədqiqatçılar bildirirlər ki, morinqanın genişmiqyaslı tətbiqi üçün əlavə araşdırmalara ehtiyac var. Xüsusilə emal zamanı həll olmuş üzvi karbonun artması sonrakı təmizləmə mərhələlərinə təsir göstərə bilər.
Hazırda Avropa ölkələri mikroplastiklərlə mübarizə üçün müxtəlif filtrasiya və kimyəvi üsullardan istifadə edir. Morinqa isə bu sahədə daha ekoloji və təhlükəsiz alternativ kimi diqqət çəkir.
Son xəbərlər
Son Xəbərlər