“Bu günə qədər İtaliya ilə əldə olunmuş əməkdaşlıq və münasibətlərə görə minnətdarlığımı bildirirəm. Bakıya bu səfərimin münasibətlərimizdə yeni addım olacağına əminəm”.
“Qafqazinfo” xəbər verir ki, bunu İtaliyanın Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, gələn ilin əvvəlində iki ölkə arasında müəyyən görüşlər nəzərdə tutulur və bu təmaslar mövcud əməkdaşlığı daha da gücləndirəcək: “Azərbaycan İtaliya bazarı üçün mühüm əhəmiyyət daşıyır və onu ixrac ölkəsi kimi qiymətləndiririk”.
Tayani vurğulayıb ki, Azərbaycanla Ermənistan arasında daimi sülhün əldə olunması inkişafa gətirib çıxarır: “Bu, sabitlik istiqamətində bir siqnaldır. Mülki əhaliyə təsir edən problemlər də bizim üçün önəmlidir və Qarabağda müharibənin baş verdiyi ərazilərin minalardan təmizlənməsi üçün ön cəbhədə çalışırıq və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə sərmayələri də artırmışıq”.
İtaliyalı nazir, həmçinin ABŞ və İsrailin İranın paytaxtı Tehrana zərbələri zamanı İranı tərk etmək istəyən italiyalıların tranzitini asanlaşdırdığına görə Azərbaycan hakimiyyətinə təşəkkür edib: “Həmçinin Tehrandakı səfirliyimizin Bakıda müvəqqəti yerləşdirilməsinə verilən icazəyə görə də təşəkkür etmək istəyirəm. Bütün bunlar dostluq və yaxın münasibətlərlə yanaşı, ölkələrimiz arasında əməkdaşlığın dəyərini təsdiqləyən konkret əlamətlərdir”.
Günel İbrahimova
Son xəbərlər
Son Xəbərlər