“Bu anlayışla kifayətlənmək əvəzinə, geniş yanaşma tətbiq edilməlidir”

bu-anlayisla-kifayetlenmek-evezine-genis-yanasma-tetbiq-edilmelidir
Oxunma sayı: 405

“Hesab edirəm ki, qanun layihəsində nəzərdə tutulan “terror təşkilatı yaratma” anlayışı müəyyən hallarda məhdud şərhə səbəb ola bilər. Çünki praktikada terrorçuluq fəaliyyəti yalnız sırf bu məqsədlə yaradılmış təşkilatlar tərəfindən deyil, eyni zamanda müxtəlif formal məqsədlərlə fəaliyyət göstərən təşkilatlar tərəfindən də həyata keçirilə bilər”. 

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Vasif Qafarov Milli Məclisin bu gün keçirilən plenar iclasında Cinayət Məcəlləsində və “Terrorçuluğa qarşı mübarizə haqqında” Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı bildirib. 

“Belə ki, dini, ictimai, siyasi, xeyriyyə və ya digər istiqamətlərdə fəaliyyət göstərən təşkilatlar öz əsas məqsədlərindən kənara çıxaraq terrorçuluq fəaliyyəti ilə məşğul ola, onu dəstəkləyə və ya maliyyələşdirə bilərlər. Bu baxımdan, qanunvericilikdə yalnız “terror təşkilatı” anlayışı ilə kifayətlənmək əvəzinə, daha geniş yanaşma tətbiq edilməlidir.

Bu məqsədlə qanunvericiliyə belə bir dəqiqləşdirmənin daxil edilməsini məqsədəuyğun hesab edirəm: “Terror təşkilatı dedikdə yalnız terror məqsədilə yaradılmış təşkilat deyil, həmçinin formal olaraq başqa məqsədlərlə fəaliyyət göstərməsinə baxmayaraq, terrorçuluq fəaliyyətini həyata keçirən, dəstəkləyən və ya maliyyələşdirən hər hansı təşkilat da nəzərdə tutulur”.

Bu yanaşma normanın tətbiq dairəsini genişləndirərək hüquqi boşluqların qarşısını alacaq.

Eyni zamanda, hesab edirəm ki, qanunun tətbiqində vahidliyin təmin olunması üçün “terror fəaliyyətində iştirak”, “dəstək” və “maliyyələşdirmə” kimi anlayışların ayrıca hüquqi izahının verilməsi də məqsədəuyğun olardı.

Bununla yanaşı, süni intellektdən istifadə etməklə törədilən cinayətlərlə bağlı texniki ekspertiza mexanizmlərinin və rəqəmsal platformaların məsuliyyət çərçivəsinin daha konkret müəyyən edilməsi də zəruridir”, - deyə deputat qeyd edib.

Nuranə Daxilqızı