Gördüyünüz fotolar Şəmkir rayonunun Hacıalılar kəndində çəkilib. Daha dəqiq desək, kəndin kənarındakı dərədə. Məsələ ondadır ki, şəkillər fotoqraf İlham Mustafayev tərəfindən 3 il bundan qabaq lentə alınıb. Lakin kənddə bu illər ərzində su ilə bağlı vəziyyət dəyişməyib. Burada yerləşən bulaq kənd sakinlərinin yeganə su mənbəyidir. Vətəndaşlar içməli və məişət suyu üçün hər gün kəndin kənarındakı dərədə yerləşən bulağa üz tutur.
Son günlər bu görüntülər sosial şəbəkələrdə yenidən gündəmə gələndən sonra “Qafqazinfo” kənddə hazırkı vəziyyəti öyrənib.
Hacıalılar kəndinin icra nümayəndəsi Eldar Murğuzov saytımıza açıqlamasında deyib ki, su problemi artıq bütün kənd sakinlərini yorub. İllərdir onlar hər gün səhərin erkən saatlarında yuxudan durub bu dərəyə enir, evdə içmək və istifadə etmək üçün lazım olan su ehtiyatlarını kəndə daşıyırlar. Bulağın yerləşdiyi bu dərə isə kənddən təxminən 1 kilometr uzaqlıqda yerləşir. Sakinlər də suyu daşımaq üçün uzunqulaqlardan istifadə edirlər: “Məsələ ilə bağlı illərdir müraciətlər edirik. Mütəxəssis təyin olunacağı, baxış, layihə həyata keçiriləcəyi bildirilir. Bax o üç il öncə çəkilən fotolardakı vəziyyət olduğu kimi qalır. Deyərdim ki, daha da pis haldadır. Mən 16 ildir burada çalışıram. 16 ildə vəziyyət elə bax belədir. Həmin dərədəki bulağın suyunu kəndə çəkmək istəyirdilər, başçı gəldi baxdı, pul da ayırırdı, amma kənd sakinləri bunu istəmədi. Çünki orada su zəifdir və camaat qorxdu ki, su daha da azalar və zamanla tamamilə kəsilər. Sakinlər istəyir ki, qonşu kəndlərdən bura köməkçi xətt çəkilsin. İndi vəziyyət beləcə qalıb. Çənlibel kəndinin sakinləri traktorlara 3 tonluq su çənlərini qoşub bizim kəndə gətirib 30-35 manata satırlar. Camaat da məcbur olub alır”.
Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə də (ADSEA) sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirildi ki, Şəmkir rayonu Hacıalılar kəndinin su təchizatı hazırda əsasən mövcud bulaqlar vasitəsilə təmin olunur: “Lakin son dövrlərdə iqlim şəraiti və yağıntıların azalması ilə əlaqədar olaraq həmin bulaqlarda su debiti əhəmiyyətli dərəcədə azalıb, bir neçəsi isə tamamilə quruyub. Bu səbəbdən kənd sakinlərinin su təminatında çətinliklər yaranıb.
Mövcud vəziyyət nəzərə alınaraq alternativ su mənbəyinin müəyyən edilməsi və yeni su xəttinin çəkilməsi istiqamətində tədbirlərin görülməsi planlaşdırılır. Növbəti iki il ərzində layihələndirmə proqramı çərçivəsində Şəmkir rayonunun bir neçə kəndi, o cümlədən Hacıalılar kəndi üzrə alternativ su mənbələrindən suyun çəkilməsi üçün layihə-smeta sənədlərinin hazırlanması nəzərdə tutulur. Layihələndirmə mərhələsi başa çatdıqdan sonra kəndin alternativ su mənbəyindən su ilə təmin edilməsi həyata keçiriləcək”.
Lamiyə Məmmədova










Son xəbərlər
Son Xəbərlər