Yaponiyada 100 və daha yuxarı yaşda olan insanların sayı ilk dəfə 100 mini keçərək 107 min 677 nəfərə çatıb. Bununla da ölkədə 100 yaşdan çox yaşayanların sayı ardıcıl 56-cı il artaraq yeni rekorda yüksəlib.
“Qafqazinfo” xəbər verir ki, Yaponiya Səhiyyə, Əmək və Rifah Nazirliyinin məlumatına görə, sentyabrın 1-nə ölkədə 100 yaşdan yuxarı insanların sayı ötən illə müqayisədə 7914 nəfər artıb.
Uzunömürlülük göstəricilərində qadınların üstünlüyü xüsusilə diqqət çəkir. 100 ildən çox ömür sürənlərin 87,6 faizi qadınlardır.
2026-cı maliyyə ilində daha 54 min 294 nəfərin 100 yaşını qeyd edəcəyi gözlənilir. Bu da əvvəlki illə müqayisədə 1984 nəfər çoxdur.
Yaponiyanın ən yaşlı qadını Kiotoda yaşayan Fuyo Kişimotodur. 20 dekabr 1911-ci ildə anadan olan Kişimoto hazırda 114 yaşındadır. Ölkənin ən yaşlı kişisi isə 2 may 1914-cü il təvəllüdlü Hikaru Katodur və 112 yaşındadır.
Yaponiyada 100 və daha yuxarı yaşda olan insanların sayı 1963-cü ildən etibarən qeydə alınır. Həmin il bu yaş qrupunda cəmi 153 nəfər olub. Onların sayı 1981-ci ildə 1000-i, 1998-ci ildə 10 mini, 2012-ci ildə isə 50 mini keçib.
Ölkə orta ömür uzunluğuna görə də dünyada seçilən ölkələrdəndir. 2025-ci ilin göstəricilərinə əsasən, Yaponiyada qadınların orta ömür uzunluğu 87,33 il, kişilərin isə 81,35 il təşkil edib.
Son xəbərlər
Son Xəbərlər