Bu qidalar yaddaşı gücləndirir

bu-qidalar-yaddasi-guclendirir
Oxunma sayı: 296

Yaddaşı yaxşılaşdırmaq üçün faydalı olan qidalar açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə nevroloq Kirill Almazov məlumat verib.

O bildirib ki, yaddaş zəifliyinin əsas və ən çox yayılmış səbəbi dəmir çatışmazlığıdır, ona görə də bu mikroelementlə zəngin qidaları müntəzəm olaraq qəbul etmək vacibdir.

“Bədəndəki dəmir iki növə bölünür: hem (asanlıqla sorulan) və hem olmayan. Birincisi qırmızı ətdə, qaraciyərdə çox miqdarda olur. İkincisi isə qoz-fındıq, paxlalılar, ispanaq və qarabaşaqda olur.

Yaddaşı gücləndirmək üçün həmçinin sinir impulslarının ötürülməsində iştirak edən yağ turşuları ilə zəngin qidalar yemək lazımdır. Bunlara qızılbalıq, skumbriya, kətan toxumu və zeytun yağı, eləcə də qoz daxildir.

Pəhrizə B vitaminləri, folat, maqnezium və sink tərkibli qidaların daxil edilməsi də olduqca önəmlidir. Bu vitaminlər və mikroelementlər yumurta, yaşıl tərəvəzlər, paxlalılar, dənli bitkilər və balqabaq toxumlarından əldə edilə bilər.

Antioksidantlar da beyin funksiyası üçün faydalıdır, çünki onlar oksidləşdirici prosesləri yavaşladır və sinir hüceyrələrinin bərpasını sürətləndirir. Onlar giləmeyvələrdə, kakaoda və yaşıl çayda çox miqdarda olur”, - deyə həkim vurğulayıb.