Yaponiyanın paytaxtı Tokioda ardıcıl 34 gün davam edən yağışlar rekord həddə çatıb. Avqustun 27-dən başlayan yağıntılar şəhərdə tərəvəz qiymətlərinin kəskin artmasına, gündəlik həyata və turizmə mənfi təsir göstərib.
“Qafqazinfo” xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyinin məlumatına görə, sentyabrın əvvəlindən bazar ertəsinə qədər Tokionun mərkəzinə 629 millimetr yağış düşüb.
Bu, normadan təxminən üç dəfə çoxdur.
“Mainichi Shimbun”un məlumatına görə, həmin müddətdə şəhərdə cəmi 45,8 saat günəş işığı olub. Bu göstərici rekordlar üzrə ikinci ən aşağı səviyyədir. Günəş 14 gün ərzində ümumiyyətlə görünməyib.
Çərşənbə axşamı səhər saatlarında güclü yağış çiskinlə əvəzlənsə də, meteoroloqlar hava şəraitinin dəyişkən olaraq qalacağını bildiriblər.
Yaponiya Meteorologiya Agentliyinin rəsmisi Masayuki Kyoda payız yağış cəbhələrinin bu il adi haldan daha uzun müddət davam etdiyini qeyd edib.
Mütəxəssislər rekord yağıntıların formalaşmasında iqlim dəyişikliyi ilə Sakit okeanda uzunmüddətli yüksək təzyiq şəraitinin yaranmasına təsir edən “El Nino” hadisəsinin rol oynaya biləcəyini bildirirlər.
Tokioda əvvəlki ən uzun fasiləsiz yağış dövrü 27 iyun-29 iyul 2019-cu il tarixlərində 33 gün davam edib.
Meteoroloqlar bu həftə mövsümün 26-cı tayfununun şimal-şərq istiqamətində hərəkət etdiyini və Tokionun da yerləşdiyi Kanto bölgəsindən keçə biləcəyini bildiriblər.
Bundan əvvəl, ayın əvvəlində “Dujuan” tayfunu qonşu Çiba prefekturasında daşqın və torpaq sürüşmələrinə səbəb olub. Təbii fəlakət nəticəsində səkkiz nəfər ölüb, onlarla ev dağılıb.
Son xəbərlər
Son Xəbərlər